27 iyul 2024. Şənbə

"Neverkuzen" təxəllüsünü "Məğlubedilməz"ə dəyişən "Əczaçılar"! - ARAŞDIRMA


"Neverkuzen" təxəllüsünü "Məğlubedilməz"ə dəyişən "Əczaçılar"! - ARAŞDIRMA

Artıq indidən deyə bilərik ki, bu futbol mövsümü kifayət qədər maraqlı məqamlarla yadda qalacaq. 2023-2024-cü təqvim ilini uzun müddət azarkeşlərə xatırladacaq hadisələrdən biri, heç şübhəsiz, “Bayer Leverkuzen”in Almaniya çempionluğudur.

90deqiqe.az xəbər verir ki, 1904-cü ildə “Bayer” kimya-əczaçılıq şirkətinin işçiləri tərəfindən yaradılan “Bayer Leverkuzen” futbol klubu uzun illər boyunca Almaniyanın sıradan, aşağı liqalarda lövbər atan komandalardan idi. Klubun yüksəlişi isə 70-ci illərdən başlayıb. 1979-cu ildə Bundesliqaya qalxan “Bayer” bundan sonrakı müddətdə mövqeyini möhkəmləndirə bildi.

“Əczaçılar”ın növbəti hədəfi liqada qalibiyyət qazanmaq idi. Ancaq qarşıdakı illərdə onlar üçün çempionluq “müqqəddəs qədəh”ə çevrildi. “Bayer” ilk dəfə 1999/2000-ci illər mövsümündə birinciliyə yaxın idi. Kristof Daumun rəhbərlik etdiyi kollektiv yalnız son turda məğlub olaraq qızıl medalları “Bayern Münhen”ə uduzdu. Lakin leverkuzenlilərdən söz düşəndə futbol azarkeşlərinin ağlına ilk olaraq 2001/2002-ci illər mövsümü yada düşür. Klaus Toppmöllerin idarə etdiyi komanda həmin mövsüm üç turnirdə - Bundesliqa, ölkə kuboku və UEFA Çempionlar Liqasında qalibiyyət uğrunda mübarizə aparırdı. Hamının “qızıl het-trik” gözlədiyi bir anda Leverkuzen klubu may ayında 11 gün ərzində bütün cəbhələrdə məğlub oldu. Bundan sonra kollektivin üzərinə “Neverkuzen”, yəni “uğursuz komanda” yarlığı yapışdı.

Son illərdə Şimali Reyn-Vestfaliya təmsilçisi liqada yüksək yerləri tutsa da, artıq heç kim onlardan çempionluq gözləmirdi. Ta ki bu təqvim ilinə kimi. Yəqin heç kim “Bayern Münhen”in 11 illik hegemonluğuna “Bayer” tərəfindən son qoyulacağına inanmırdı. Ancaq Xabi Alonsonun rəhbərliyi altında ötən təqvim ilindən yüksəlişə keçən kollektiv bu performansını cari mövsümdə də davam etdirərək tarixinin ən böyük nəticəsinə imza atdı. Onların indiyə kimi inanılmaz şəkildə məğlubiyyyətsiz irəliləmələri isə bu qələbəni daha da özəl edir. Klubun heyətində Jeremi Frimponq, Alexandro Qrimaldo, Piero Hinkapiye, Robert Andrix, Qranit Caka, Viktor Bonifeys və Florian Virts kimi futbolçular parlayırlar. Əsasən də Almaniya futbolunun gələcək ulduzu hesab olunan Virtsi ayrıca qeyd etməliyik.  Hərçənd əlbəttə ki, alınan nəticədə ən böyük pay baş məşqçi Xabi Alonsonundur.

İspaniyalı mütəxəssisin timsalında yeni bir böyük məşqçinin doğuşunu izlədiyimizi deyə bilərik. Və ən gözlənilməzi odur ki, Alonso bunu çox qısa müddətdə bacarıb. Məşqçilik peşəsinə “Kastilya”da başlayan Xabiyer ardınca “Real Sosyedad”ın B komandasında özünü püxtələşdirdikdən sonra enişdə olan və liqadan düşmək təhlükəsi altında qalan “Bayer”in təklifini qəbul etdi. Bu, peşədə yenicə addımlarını atan bir şəxs üçün riskli qərar idi. Ancaq Alonso qarşısına qoyulan məqsədi artıqlaması ilə yerinə yetirdi. Yarımmüdafiəçi kimi dövrünün ən yaxşılarından olan Xabi indi də məşqçi kimi zirvəyə ucalır. Bəli, onun karyerasının növbəti illərdə necə alınacağını demək çətindir. Lakin bu mövsümün unuldulmaz “Bayer”i artıq tarixdə öz yerini alıb. Bundesliqanın çempionluq mükafatının üzərində yeni bir klubun adı yazılacaq. Növbədə isə “əczaçılar”ı Almaniya kuboku və UEFA Avropa Liqasında əldə olunacaq zəfərlər gözləyir.







Almaniya B.L.

“Bavariya” bir oyunda 14 qol vurdu
  • Almaniya B.L.
  • 23:49 24.07.2024
“Bavariya” bir oyunda 14 qol vurdu
"Sevilya" onunla yollarını ayırdı
  • Almaniya B.L.
  • 22:16 19.07.2024
"Sevilya" onunla yollarını ayırdı
"Nürnberq" onu transfer etdi
  • Almaniya B.L.
  • 12:39 19.07.2024
"Nürnberq" onu transfer etdi
"Şalke" gənc hücumçu transfer etdi
  • Almaniya B.L.
  • 16:09 16.07.2024
"Şalke" gənc hücumçu transfer etdi