- Almaniya B.L.
- 01:37 10.01.2026
Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 16-cı turu çərçivəsində Frankfurt “Ayntraxt”ı ilə Dortmund “Borussiya”sı arasında keçirilən qarşılaşma başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, “Frankfurt Arena”da baş tutan oyun məhsuldar heç-heçə ilə yekunlaşıb – 3:3.
Matçda hesabı görüşün əvvəlində qonaqların hücumçusu Maksimilian Bayer açıb. Birinci hissənin ortalarında “Ayntraxt”ın yarımmüdafiəçisi Can Uzun penaltidən dəqiq zərbə ilə tarazlığı bərpa edib. Oyunun 68-ci dəqiqəsində Feliks Nmeça “arılar”ı yenidən önə çıxarıb. Cəmi üç dəqiqə sonra meydan sahiblərinin hücumçusu Yunes Ebnutalib hesabı bərabərləşdirib. Qarşılaşmanın 90+2-ci dəqiqəsində Mahmud Daud “Ayntraxt”ı hesabda önə çıxarsa da, dörd dəqiqə sonra Karni Çukvuemeka Dortmund təmsilçisini məğlubiyyətdən xilas edərək yekun nəticəni müəyyənləşdirib.
16 turdan sonra Dortmund “Borussiya”sı 33 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Ayntraxt” isə 26 xalla yeddinci mövqedə yer alır.
Ötən turda Frankfurt klubu “Hamburq”la 1:1 hesablı heç-heçə edib, Dortmund təmsilçisi isə Münhenqladbax “Borussiya”sını 2:0 hesabı ilə məğlub edib. Növbəti turda Dino Toppmöllerin komandası “Ştutqart”la (13 yanvar), Niko Kovaçın yetirmələri isə “Verder”lə (13 yanvar) üz-üzə gələcək.