- Almaniya B.L.
- 22:26 22.06.2026
Almaniyanın "Leyptsiq" klubunun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, “öküzlər”ə vaxtilə "Bavariya" formasını geyinmiş argentinalı mütəxəssis Martin Demikelis rəhbərlik edəcək.
45 yaşlı Demikelis klubla iki mövsümlük müqavilə imzalayıb. Razılaşmaya əsasən, onun sözləşməsi 2028-ci ilin ortalarınadək qüvvədə olacaq. O, bundan əvvəl İspaniyanın Malyorka komandasını çalışdırıb.
Yeni baş məşqçi təyinatından sonra klubun idman layihəsinin və gələcək planlarının ona böyük təsir göstərdiyini bildirib:
“Klub rəhbərliyi ilə apardığım müzakirələr və onların idman baxışı məni inandırdı. ‘RB Leyptsiq’ aydın kimliyə malik, böyük ambisiyaları olan, istedadlı futbolçulara sahib və ən yüksək səviyyədə inkişafını davam etdirməyə çalışan bir klubdur. Məhz belə bir çağırış axtarırdım”.
Qeyd edək ki, “Leyptsiq” ötən mövsüm Almaniya çempionatını üçüncü pillədə başa vuraraq Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.