- Almaniya B.L.
- 23:58 11.08.2026
“Bayer” Fransanın “Marsel” klubundan argentinalı müdafiəçi Fakundo Medinanı transfer etdiyini açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 27 yaşlı futbolçu Leverkuzen təmsilçisi ilə 2031-ci il iyunun 30-dək müqavilə imzalayıb. Müdafiənin həm sol cinahında, həm də mərkəzində çıxış edə bilən Medina “Bayer”də 2 nömrəli forma ilə mübarizə aparacaq.
“Fakundo Medina ilə çox təcrübəli futbolçu transfer etmişik. O, yüksək səviyyəsi və güclü xarakteri sayəsində dərhal komandamızın əsas dayaqlarından birinə çevriləcək. İkili mübarizələrdə güclüdür, mübariz və aqressivdir. Fakundonun keyfiyyətləri heyətimizi tamamlayan vacib amildir. Onun bizə qoşulmasından məmnunuq”, - deyə “Bayer”in idman direktoru Simon Rolfes bildirib.
Medina 2020-ci ildən Fransanın Liqa 1-də çıxış edib. O, əvvəlcə “Lans”ın formasını geyinib, 2025-ci ildə isə “Marsel”ə keçib.
“Bundesliqaya və “Bayer”ə keçid mənim üçün əla fürsətdir. Dünya çempionatında Palasios mənə klub haqqında çox danışırdı və Leverkuzen barədə yüksək fikirlər səsləndirirdi. Pala uzun müddətdir burada çıxış edir və böyük uğurlar qazanıb. Mən də “Bayer”lə belə hissləri yaşamaq istəyirəm”, - deyə Medina bildirib.
Qeyd edək ki, Medina bu yay Argentina millisinin heyətində dünya çempionatının gümüş medalını qazanıb.