- Almaniya B.L.
- 23:24 26.09.2026
Almaniya millisinin və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Mixael Ballak Münhen klubunun 18 yaşlı futbolçusu Lennart Karlın “Real Madrid”də çıxış etmək arzusunu dilə gətirməsinə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Karlın açıqlaması “Bavariya” azarkeşləri arasında birmənalı qarşılanmayıb. Lakin futbolçunun maraqlarını təmsil edən Ballak onun sözlərində qəbahətli heç nə olmadığını düşünür.
“Ona belə sual verilib: “Bavariyadan sonra ən çox hansı klubu bəyənirsiniz?” Sualın bu hissəsi çox vaxt unudulur. Əslində, o, pis heç nə deməyib. Sadəcə arzusundan danışıb. Mənim də həmişə belə bir arzum olub”, - deyə Ballak “Kern11” podkastında bildirib.
Sabiq futbolçu Karlın xarakterinin də önəmli olduğunu vurğulayıb:
“Lennartın xarakteri var və bu, çox vacibdir. “Bavariya” kimi bir mühitdə 17 yaşında əsas komandaya yüksəlmək üçün güclü xarakterə sahib olmaq lazımdır. Gənc futbolçuların fərdiliyi olmalıdır. Təbii ki, istedad da vacibdir. Amma bu gün tərbiyədə, məktəblərdə və futbol akademiyalarında müəyyən qədər itməkdə olan keyfiyyətlər də önəmlidir”.
Qeyd edək ki, Lennart Karl cari mövsümdə “Bavariya”nın heyətində 5 oyunda meydana çıxıb. 18 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.