- Almaniya B.L.
- 01:39 24.10.2026
Almaniya Bundesliqasının VII turunda Mönxenqladbax “Borussiya”sı səfərdə “Ştutqart”ı məğlub edib.
90deqiqe.Az xəbər verir ki, qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı meydan sahibləri açıb. Ermedin Demiroviç beşinci dəqiqədə “Ştutqart”ı önə keçirib. Lakin fasiləyə az qalmış, 38-ci dəqiqədə Cozef Skalli tarazlığı bərpa edib.
İkinci hissədə təşəbbüsü ələ alan qonaqlar qısa müddətdə üstünlük qazanıblar. 51-ci dəqiqədə Suto Matino “Borussiya”nı önə keçirib, 66-cı dəqiqədə isə Vael Moxiya fərqi iki topa çatdırıb.
“Ştutqart” təslim olmayıb. Ermedin Demiroviç 84-cü dəqiqədə dubl edərək fərqi minimuma endirsə də, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Bu qələbə ilə Mönxenqladbax “Borussiya”sı mövsümdə ilk üç xalını qazanıb. Buna baxmayaraq, komanda 18-ci, sonuncu pillədə qalıb. Altı xalı olan “Ştutqart” isə 14-cü yerdədir.