- Almaniya B.L.
- 22:53 12.11.2026
“Bavariya” klubunun fəxri prezidenti Uli Höness Almaniya futbolunun Şöhrət Zalına daxil edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "BR24" məlumat yayıb.
Höness bu mükafata futbolçu kimi qazandığı nailiyyətlərə görə layiq görülüb. O, “Bavariya”nın heyətində üç dəfə Almaniya çempionu olub, bir dəfə ölkə kubokunu, üç dəfə isə Avropa çempionlar kubokunu qazanıb. 1974-cü ildə Münhen klubu ilə Qitələrarası kuboka da sahib çıxıb.
AFR millisinin heyətində Höness 1972-ci ildə Avropa çempionu olub, iki il sonra isə doğma ölkəsində keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Onun futbolçu karyerası ağır diz zədəsi səbəbindən vaxtından əvvəl – 27 yaşında başa çatıb.
Futbolçu karyerasını bitirdikdən sonra Höness Almaniya idmanında rəhbər vəzifələrdə fəaliyyətini davam etdirib. O, “Bavariya”da menecer, prezident və müşahidə şurasının sədri vəzifələrini tutub. Hazırda klubun fəxri prezidentidir.
Onun rəhbərliyi və iştirakı ilə “Bavariya” dünya futbolunun aparıcı klublarından birinə çevrilib.