13 noyabr 2026. Cümə

“Borussiya Dortmund” silah istehsalçısı ilə əməkdaşlığı dayandıracaq


“Borussiya Dortmund” silah istehsalçısı ilə əməkdaşlığı dayandıracaq

Almaniyanın “Borussiya Dortmund” klubu ölkənin silah istehsalçısı “Rheinmetall” şirkəti ilə sponsorluq müqaviləsini yeniləməmək qərarına gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

2024-cü ildə üç il müddətinə imzalanan əməkdaşlıq müqaviləsi həm Dortmundda, həm də şəhərdən kənarda azarkeşlərin narazılığına səbəb olub. Tərəfdarlar bu əməkdaşlığa etiraz olaraq müxtəlif bannerlər asıb, o cümlədən stadionun yaxınlığında etiraz aksiyaları keçiriblər.

Klubun baş icraçı direktoru Karsten Kramer rəhbərliyin azarkeşlərin mövqeyini nəzərə aldığını bildirib. Onun sözlərinə görə, klubun ümumi yığıncağında 2027-ci ildən sonra “Rheinmetall” ilə tərəfdaşlığın uzadılmaması barədə qərar qəbul edilib.

Kramer sponsorluq gəlirlərindən imtinanın klubun maliyyə imkanlarını məhdudlaşdıracağını da vurğulayıb. Bununla belə, o, alternativ həll yollarının axtarılacağını qeyd edib.

Qeyd edək ki, “Rheinmetall” Almaniyanın ən böyük silah istehsalçısıdır. Şirkət tanklar, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, döyüş sursatları və digər hərbi təyinatlı məhsullar istehsal edir.







Almaniya B.L.