- Almaniya B.L.
- 23:19 25.11.2026
Almaniyanın “Bavariya” klubu və Camal Musialanın nümayəndələri futbolçunun nevroloji əlamətlər səbəbindən ilk dəfə 2025-ci il aprelin 22-də müayinədən keçirildiyini açıqlayıblar.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun noyabrın 25-də yaydığı rəsmi bəyanatda bildirilib.
“Son günlər çoxsaylı şayiələr yayıldığı üçün “Bavariya” və Jamal Musialanın nümayəndələri məsələyə aydınlıq gətirmək istəyirlər. Futbolçu absans tutmalarını xatırladan əlamətlər səbəbindən ilk dəfə 2025-ci il aprelin 22-də müayinədən keçirilib. Bu müayinə nevroloji əlamətlərin ilk dəfə müşahidə olunmasından dərhal sonra klub və onun tibbi heyəti ilə məsləhətləşmələr aparılaraq həyata keçirilib. “Bavariya” və Musialanın nümayəndələri müzakirələri qarşılıqlı əməkdaşlıq və məxfilik şəraitində davam etdirmək barədə razılığa gəliblər”, – deyə klubun açıqlamasında bildirilib.
Həmçinin noyabrın 24-də keçirilən görüşdə tərəflər futbolçunun sağlamlığının prioritet olduğunu vurğulayıblar. Onlar Musialanın yaşıl meydanlara qayıdış prosesində ona hərtərəfli dəstək göstərəcəklərini və bundan sonrakı müzakirələri məxfi saxlayacaqlarını bildiriblər.
Qeyd edək ki, “Bavariya”nın fəxri prezidenti Uli Höness və Karl-Haynts Rummeniggenin Musialanın səhhəti və müqaviləsi ilə bağlı müzakirələrə səbəb olan açıqlamalarından sonra klub futbolçunun nümayəndələri ilə görüş keçirib.
Xatırladaq ki, Münhen təmsilçisi 2025-ci il fevralın 14-də almaniyalı futbolçu ilə müqavilənin müddətini 2030-cu il iyunun 30-dək uzatdığını açıqlamışdı. Klubun və futbolçunun nümayəndələrinin məlumatına görə, qısa müddətli dalğınlıq və absans tutmalarını xatırladan əlamətlər səbəbindən ilk müayinə aprelin 22-də aparılıb. Beləliklə, müqavilənin imzalanması ilə ilk müayinə arasında 67 gün olub.