28 noyabr 2026. Şənbə

“Maynts” son dəqiqələrdə sevindi, “Köln” və “Paderborn” rəqiblərini əzdi


“Maynts” son dəqiqələrdə sevindi, “Köln” və “Paderborn” rəqiblərini əzdi
Rəsmi

Almaniya Bundesliqasının 11-ci turunda bir neçə maraqlı qarşılaşma baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, “Maynts” doğma meydanda “Union Berlin” üzərində əzmkar qələbə qazanıb, “Köln” “Elversberq”i darmadağın edib, “Paderborn” isə “Şalke 04”ü böyük hesabla məğlubiyyətə uğradıb.

“Maynts” – “Union Berlin” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ilk hissəsində qonaqlar üstün olub. Matçın 37-ci dəqiqəsində Yanık Haberer “Maynts”ın qapısına yol taparaq komandasını hesabda önə keçirib – 0:1.

İkinci hissədə hücumlarını gücləndirən meydan sahibləri hesabı bərabərləşdirməyə çalışıblar. Görüşün 85-ci dəqiqəsində Filipp Tits fərqlənərək tarazlığı bərpa edib. Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə isə Entoni Katsi “Maynts”a qələbə qazandıran qolu vurub – 2:1.

Digər qarşılaşmada “Köln” doğma meydanda “Elversberq”ə heç bir şans verməyib. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Köln” artıq 8-ci dəqiqədə Marius Bülterin qolu ilə hesabı açıb. 16-cı dəqiqədə Səid Əl-Mala fərqi iki topa çatdırıb. İlk hissənin 39-cu dəqiqəsində Bülter yenidən fərqlənərək dublunu rəsmiləşdirib.

İkinci hissədə də hücumlarını davam etdirən meydan sahibləri 63-cü dəqiqədə Bülterin het-triki ilə hesabı 4:0-a çatdırıblar. Cəmi beş dəqiqə sonra Əl-Mala da dublunu rəsmiləşdirib. Beləliklə, qarşılaşmada son hesab 68-ci dəqiqədə müəyyənləşib – 5:0.

Turun ən məhsuldar qarşılaşmalarından biri isə “Paderborn” və “Şalke 04” komandaları arasında keçirilib. Meydan sahibləri rəqibini 8:1 hesabı ilə darmadağın ediblər.

Matçın 21-ci dəqiqəsində Yano ter Horst hesabı açıb. 39-cu dəqiqədə Stefano Marino fərqi artırıb, ilk hissəyə əlavə olunmuş 4-cü dəqiqədə isə dublunu rəsmiləşdirib. Komandalar fasiləyə “Paderborn”un 3:0 hesablı üstünlüyü ilə yollanıblar.

İkinci hissədə də meydan sahiblərinin üstünlüyü davam edib. Şteffen Tiqges 55-ci dəqiqədə dördüncü qolu vurub. İki dəqiqə sonra Marino het-trik edərək hesabı 5:0-a çatdırıb.

“Şalke 04” 59-cu dəqiqədə Adil Auşişin qolu ilə fərqi azaltsa da, bu, komandanı ağır məğlubiyyətdən xilas etməyib. 73-cü dəqiqədə Deniz Zaytler, 85-ci dəqiqədə Qabriel Vidoviç fərqlənib. Görüşdə son nöqtəni isə Feliks Götse qoyub – 8:1.







Almaniya B.L.