24 noyabr 2024. Bazar günü

Nihat Kahveci: "Azərbaycanda futbola böyük dəstək var"


  • Avroliqa
  • 12:37 04.03.2019
  • Oxunma sayı: 570
Nihat Kahveci: "Azərbaycanda futbola böyük dəstək var"

"Əvvəl Türkiyə milli komandasının heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, bu tarix 7 il əvvələ təsadüf edir. Biz Azərbaycan milli komandasına qarşı köhnə stadionda oynamışdıq".

Corner.az xəbər verir ki, bunu “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün Azərbaycana səfər edən türkiyəli məşhur veteran futbolçu Nihat Kahveci jurnalistlərə açıqlamasında deyib. 

O, Bakının çox dəyişdiyini və infişaf etdiyini vurğulayıb: "Dünən “Bakı 2019: Ulduzlar Finalı”nda iştirak etdim, yaxşı oyun oldu. Azərbaycanda futbola böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdır. Belə böyük turnir vasitəsi ilə Azərbaycan dünyada daha da tanına bilər. Avropa Liqasında bu il çox güclü - "Arsenal", "Napoli", Chelsea, "Benfica", "Villarreal" və "Valencia" kimi klublar var. Sanki bu yarış Çempionlar Liqasıdır. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bakıda gözəl bir final baş tutacaq. Dünən bura gəldiyimizdən bəri yaxşı qarşılandıq, yaxşı vaxt keçirdik. Buna görə də ölkə prezidenti cənab İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm".

Türkiyə millisinin sabiq hücumçusu Avropa Liqasında öz ölkəsinin komandalarından birini görmək istədiyini, lakin onların mübarizəni dayandırdığı üçün təəssüfləndiyini söyləyib: "Düşünürəm ki, finalda İspaniya komandalarından biri olacaq. Əgər onlar növbəti mərhələlərdə bir-birilərinə rəqib olmasalar, böyük ehtimalla finalda azı 1 İspaniya təmsilçisini görə bilərik".

Kahveci sabiq klubu "Villarreal"ın da şanslarından danışıb: "Villarreal" İspaniya liqasında çətin günlər keçirir. Düşünürəm ki, onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir".

O, “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma üçün vaxtilə İspaniyanın "Real Sociedad" komandasında birgə çıxış etdikləri Darko Kovaçeviçi də Bakıya gətirə biləcəyini deyib: "İstəsəydilər, onu da Bakıya gətirərdim. Belə görürəm ki, mən "Real Sociedad"da oynadığım vaxt oyunları sizin ölkədə göstəriblər deyə, burada çoxlu azarkeşlərimiz var".

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. (report)








Avroliqa