Dünən bir çox Avropa ölkəsinə qış vaxtına keçidlə əlaqədar olaraq saat əqrəbləri bir saat geri çəkilib.
Corner.az Qol.az-a istinadən xəbər verir ki, bu səbəbdən Avropada bir sıra önəmli idman yarışlarının başlama saatında dəyişilik olacaq.
Məsələn, bundan sonra Çempionlar Liqasının və Avropa Liqasının oyunları bu mövsümdə bu günə qədər olduğu kimi, Bakı vaxtı ilə saat 20.55 və 23.00-da deyil, 21.55 və 00.00-da başlanacaq. Bu proses gələn həftədən başlayaraq gələn ilin martın son bazar gününə, Avropada yay vaxtına keçid olana qədər davam edəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.
Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilib və müvafiq olaraq 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməyib. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatların 1 saat geri çəkilməsinə ehtiyac qalmayıb.