- Avroliqa
- 21:00 11.11.2024
"Qarışıq duyğular yaşadım. Qələbə qazanmaq istəyirdik. Bu, mənim üçün yeni hissdir. Bilirəm ki, bu, "Emireyts" stadionunda sonuncu oyunum oldu".
Corner.az xəbər verir ki, bunu "Arsenal"ının qapıçısı Petr Çex İngiltərə Premyer Liqasının 37-ci turunda “Brayton”la evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Daha əvvəl karyerasını başa vuracağını açıqlayan 37 yaşlı qolkiper son ev oyununda qələbə qazanmaq və mövsümü yüksək səviyyədə yekunlaşdırmaq istədiklərini söyləyib.
Çexiyalı oyunçu "Arsenal"la vidalaşacağı üçün kədərləndiyini vurğulayıb: "Kədərlənirəm, çünki mənim yolum burada sona çatır. Lakin hələ də ümid edirik ki, üç həftə sonra Bakıya gedəcəyik. Biz toparlanmalı və yarımfinal mərhələsinin cavab oyununa hazır olmalıyıq".
Təcrübəli qapıçı bildirib ki, London təmsilçisində hər kəsə təşəkkür etmək məcburiyyətindədir: "Mən buraya rəqib klubdan gəldim və hər kəs məni qəbul etdi. Hər zaman komanda üçün çalışdım, kluba hər şeyimi verə biləcəyimə inandım. Son oyunumun Bakıda olacağına ümid edirəm. Ən yaxşısı da bu olar. Finala çıxmaq və sonda kuboku qaldırmaq istəyirəm. Düşünürəm ki, "Arsenal"da hər kəs buna layiqdir və biz bunu edə bilərik".
Qeyd edək ki, final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.