- Avroliqa
- 21:00 11.11.2024
“Əvvələr heç vaxt Bakıda olmamışam. Ora gedəcəyim üçün həqiqətən çox xoşbəxtəm”.
Corner.az xəbər verir ki, bunu İngiltərənin “Arsenal” komandasının qapıçısı Petr Çex UEFA Avropa Liqasında İspaniya “Valensiya”sını səfərdə 4:2 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündən sonra deyib.
Hazırda "topçular"ın heyətində yer alan çexiyalı qolkiperin fikrincə, mayın 29-da Bakı Olimpiya Stadionunda sabiq komandası "Çelsi"yə qarşı keçirəcəkləri final qarşılaşmasında təcrübə həlledici rol oynaya bilər: “Öz arzularınıza inanmalısınız. Bu, onların həyata keçməsi üçün yeganə vasitədir. Səylə işləmək lazımdır, ancaq inanmaq da vacibdir. “Arsenal” üçün tarix yazmağın astanasındayıq. Bu fantastik klubun azarkeşləri və klubda çalışan hər kəs avrokubok finalında qələbəyə layiqdirlər. Fikrimcə, indiki məqamda təcrübə öz sözünü deyə bilər. Finala çıxanda hər kəsin üzərində böyük təzyiq olur. Ona görə də təcrübəli futbolçular digər oyunçuların da hazır olmasına kömək etməlidirlər”.
Qeyd edək ki, “Arsenal” Avropa Liqasının cari mövsümündə “Qarabağ”la eyni qrupda yer alsa da, Petr Çex zədə üzündən ötən ilin oktyabrında Bakıya gələ bilməyib. O, Londondakı ikinci oyunda da iştirak etməyib. Çexiyalı qolkiper Bakıdakı finaldan sonra karyerasını başa vuracağını açıqlayıb.