21 noyabr 2024. Cümə axşamı

Vladislav Kulaç:"Qarabağ çox güclü komandadır"


  • Avroliqa
  • 13:30 06.11.2018
  • Oxunma sayı: 748
Vladislav Kulaç:"Qarabağ çox güclü komandadır"

Ukraynanın Vorskla klubunun futbolçusu Vladislav Kulaç Qarabağ-la noyabrın 8-də keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl "Report"a müsahibə verib. 

Corner.az məlumat verir ki, Bakıdakı qarşılaşmada komandasına qələbə qazandıran 25 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Donetsk Shakhtar-u ilə Qarabağ-ı müqayisə edib, Azərbaycanda oynamaq istədiyi komandanın adını açıqlayıb.

- "Qarabağ" komandası ilə Poltavada keçirəcəyiniz görüş Bakıdakı qarşılaşmadan nə ilə fərqlənəcək?

- Əlbəttə, Bakıdakı uğurumuzu təkrarlamaq istərdik. Çünki çətin oyunda qalib gəlməyi bacarmışdıq. Buna görə çox şad idik. İndi isə doğma azarkeşlər önündə çıxış edəcəyik. Son görüşlərdəki oyunumuzu sərgiləmək və qələbə seriyamızı davam etdirmək niyyətindəyik.

- Bakı Olimpiya Stadionundakı oyunda zərbəniz güclü alındı, yoxsa daha çox qapıçı Vaqnerin səhvi oldu?

- Demək olar ki, hər ikisi. Əlbəttə, qapıçının səhvi olmadan top tora daxil olmazdı. Düzdür, Vaqner səhvə yol verdi. Amma onun üçün zərbənin xoş olmayan tərəfi o idi ki, top əlindən sıçradı. Digər tərəfdən, düşünmürəm ki, zərbəni asanlıqla tuta bilərdi. Həm özüm, həm də komandam üçün yaxşı haldır ki, top tora daxil oldu. Futbolda səhvlər qaçılmazdır. Vaqner yaxşı, təcrübəli qapıçıdır. Amma həmin zərbə bizə qələbə gətirdi ki, buna görə çox şadam.

- Bu görüşdən sonra Ukrayna Premyer Liqasında Donetsk "Olimpik"i ilə qarşılaşmada da qələbə topunu vurdunuz. Lakin həmin qol topun qapı xəttini keçib-keçmədiyinə dair mübahisələrə səbəb oldu...

- Kimisi topun qapı xəttini keçdiyini, kimisi isə keçmədiyini deyir. Hər halda, referi qolu hesaba aldı və biz 2:1 hesabı ilə qalib gəldik. Fikrimcə, qələbənin necə qazanıldığı vacib deyil. Əsas odur ki, qalib gəldik.

- Bu qoldan sonra bəziləri azərbaycanlı mərhum hakim Tofiq Bəhramovun 1966-cı il dünya çempionatının finalında İngiltərə yığmasının Almaniyanın qapısına vurduğu mübahisəli qolu hesaba almasını xatırladı...

- (

gülür - red.

) Açığı, mən o qolu xatırlamadım. Əsas məsələ qələbədir. Bundan sonra topun qapı xəttini keçib-keçmədiyini müzakirə etməyin xüsusi önəmi yoxdur.

- Adətən, "Qarabağ" eyni komanda ilə ikinci görüşündə birinci ilə müqayisədə daha yaxşı təsir bağışlayır. Poltavada da belə bir halın baş verəcəyindən ehtiyatlanmırsınız?

- "Qarabağ" çox güclü komandadır. Biz bunu birinci oyunda gördük. Topu nəzarətdə saxlamağı bacaran yaxşı oyunçuları var. Lakin biz rəqibin qapımız qarşısında daha az təhlükəli vəziyyətlər yaratması və özümüzün isə hücumlar zamanı şanslarımızdan yararlanmağımız üçün mümkün olan hər şeyi edəcəyik.

- Nəzərə alsaq ki, Ukrayna Premyer Liqasındakı oyunlarınızda elə də çox azarkeş olmur, "Qarabağ"la Avroliqa qarşılaşmasında çoxlu azarkeşin olacağını gözləyirsiniz, yoxsa soyuq havanın tamaşaçı sayına mənfi təsir edəcəyini düşünürsünüz?

- Bunu deyə bilmərəm. Ümidvaram ki, kifayət qədər azarkeşimiz olacaq və onlar bizi gur dəstəkləyəcəklər.

- Bu, "Qarabağ" üçün mübarizəni davam etdirməsi baxımından son şans olacaq. Bəs "Vorskla" üçün?

- Əlbəttə, bizim üçün də. Çünki hazırda itirilən hər bir xal turnir cədvəlindəki mövqeyimizə ciddi təsir edəcək. "Qarabağ"ın da, bizim də qrupdan çıxmaq şansımız var. Buna görə də hər iki komanda bütün mümkün olanı edəcək.

- Bakıdakı qarşılaşmada cəmi bir şansınızın olduğu və ondan da yararlandığınıza dair fikirlər səsləndirildi...

- Oyunumuzu müdafiədən qurmuşduq. Başa düşürdük ki, "Qarabağ"ın hücumları bizə ciddi təhlükə və böyük problemlər yarada bilər. Buna görə də məşqçilər heyətimiz belə taktika seçmişdi. Bu da öz bəhrəsini verdi. İkinci hissədə qol epizodundan başqa yaxşı əks-hücumlara çıxdıq. Yenə qol vura bilərdik. İlk oyunda çox səliqəli çıxış etdiyimizi düşünürəm. Evdə isə daha yaxşı oynamaq və yenə qələbəyə nail olmaq istəyirik.

- Bu dəfə də müdafiədən oynayacaqsınız?

- Oyuna hələ var. Necə çıxış etməli olduğumuzu bizə məşqçilər heyəti deyəcək.

- Son oyunlarda həm "Vorskla"nın, həm də şəxsən özünüzün artırmağınız nə ilə əlaqədardır?

- Turnirdən asılı olmayaraq, qalib gəldikdə emosional durumda da artım baş verir. Nəticədə növbəti oyunlarda da artırmağa başlayırsınız. Ona görə də bütün bunları qələbələrimizlə daha çox əlaqələndirərdim. Belə qələbələr növbəti oyunlara daha yaxşı hazırlaşmağa kömək edir.

- Hələ cəmi 25 yaşınız olsa da, kifayət qədər komandada çıxış etmisiniz. Hətta Türkiyədə də legioner həyatı yaşamısınız. Tez-tez klub dəyişməyiniz nə ilə əlaqədardır?

- Çünki müqavilə üzrə "Şaxtyor"a məxsusam. Donetsk komandasının əvvəlki və indiki baş məşqçiləri hələ mənə güvənmirlər. Buna görə də müxtəlif klublara icarəyə yollanmağım lazım gəlir. Lakin hansısa kluba daimi müqavilə əsasında keçməyim üçün də buraxmırlar. Buna görə də "Şaxtyor"la müqaviləmi uzadaraq, digər klublara icarəyə yollanıram. Görək bu dəfə necə olacaq? Ola bilsin, yaxın vaxtlarda hər şey dəyişəcək və çıxış edəcəyim kluba məxsus olacağam.

- Amma "Şaxtyor"un təmsil etdiyi Donetsk şəhəri hazırda Ukraynanın nəzarətində deyil. Komanda ev oyunlarını öz stadionunda keçirmir...

- Əlbəttə, bu, Donetsk üçün mənfi haldır. Komanda artıq daimi olaraq, Kiyevdə məskunlaşıb. "Şaxtyor"un çoxlu azarkeşi var. Gözəl şəhər, azarkeşlər və stadionsuz qalmaq ağırdır. Yaxın gələcəkdə hər şeyin dəyişməsini və "Şaxtyor"un Donetskə qayıtmasını istərdim.

- Bəs ailəniz, valideynləriniz harada məskunlaşıb?

- Ailəm daim mənimlədir. Elə alınıb ki, Donetskdən ayrılmalı olmuşuq. Orada qohumlarımızdan çox az adam qalıb. Ümid edirəm ki, tezliklə Donetskə qayıda biləcəyik.

- Keçmiş klubunuz "Eskişehirspor"da vaxtilə "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da çıxış edib. Onun barədə məlumatlısınız?

- Açığı, "Qarabağ"da tanıdığım oyunçuların sayı azdır. Bu komandanın oyunlarını avrokuboklar başladıqdan sonra gördüm və ciddi futbolçulara malik kollektiv, hər birisinin isə komanda üçün çox vacib olduğunu anladım. Buna görə də çox güclü rəqiblə görüşümüz bizim üçün yenə ağır keçəcək.

- Ukrayna millisinə dəvət gözləyirsiniz?

- Çağırılsam, milliyə böyük istəklə yollanaram. Hələ dəvət aldığımı dəqiq bilmirəm. Amma bunu gözləyirəm və ümid edirəm ki, belə də olacaq.

- Yığmanın baş məşqçisi Andrey Şevçenkonun Poltavaya gələrək, oyununuzu izləyəcəyi gözlənilir?

- Ola bilsin. Amma əlbəttə, hansı oyunda iştirak edəcəyinə Andrey Nikolayeviçin özü qərar verəcək. "Qarabağ"la oynadığımız gün "Dinamo" Kiyevdə Çexiya "Yablonets"ini qəbul edəcək. Ona görə də Poltavaya gəlib-gəlməyəcəyini deyə bilmərəm.

- Azərbaycan Premyer Liqasında oynamaq istərdiniz?

- Bu barədə düşünməmişəm. Amma hər şey mümkündür.

- "Qarabağ"da, yoxsa "Neftçi"də?

- Hər ikisi böyük klubdur. Amma yəqin ki, üstünlüyü "Qarabağ"a verərdim.

- Niyə?

- Çünki "Qarabağ" haqda daha çox şey bilirəm.

- Donetsk "Şaxtyor"u kimi "qaçqın komanda" olduğunu da?

- Bəli, məlumatlıyam. Oxşar situasiyadır. Ümidvaram ki, tezliklə həm sizin, həm də bizim işğal olunmuş torpaqlarımız geri qayıdacaq.







Avroliqa