- Avroliqa
- 01:59 29.11.2024
“İmkanım olsaydı, hakimin özünə sarı vərəqə göstərərdim”.
90deqiqe.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kevin Medina Avropa Liqasının qrup mərhələsində “Molde” ilə səfərdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
"Hakimin həmin epizodda mənə sarı vərəqə göstərməyinə nə lüzum var idi? Mənə dedi ki, meydançanı tez tərk et. Mən də bildirdim ki, ağrım var, necə sürətli çıxım? Bəzən hakimlər də aqressiv olurlar və baş rolda olmağa çalışırlar. İmkanım olsaydı, hakimin özünə sarı vərəqə göstərərdim".
Medina Norveçdən yaxşı nəticə ilə döndüklərini də qeyd edib: "Yaxşı rəqibə qarşı oynadıq. "Molde", xüsusən də, evdə təhlükəli olur. Yenə də məlum şərtlər altında istəyimizə nail olduq. Əsas da budur. Rəqib çox güclü komanda idi. Ümumi şərtlər heç də bizim xeyrimizə deyildi. Məqsədimiz meydançanı sərfəli nəticə ilə tərk etmək idi. Hesabda geridə olsaq da, sona qədər xarakter göstərdik".
Zədələnərək məcburi əvəzlənməli olan Medina ağrıları olduğunu bildirib: "Ağrılarım var. Bakıda MRT müayinəsindən sonra vəziyyətimə tam aydınlıq gələcək. Düşünmürəm ki, əvəzlənməyimin hansısa mənfi təsiri oldu. Meydançada qalsaydım, bəlkə də, yenə eyni nəticə qeydə alınacaqdı".