- Avroliqa
- 01:59 29.11.2024
“Qarabağ” Avropa liqasının keçid pley-off mərhələsində Portuqaliya təmsilçisi “Braqa” üzərində qələbə qazanaraq (iki oyunun nəticəsinə görə Portuqaliya təmsilçisi “Braqa”nı üstələyərək) tarixində ilk dəfə mötəbər turnirin 1/8 finalında oynamaq hüququ əldə etdi. Bu tarixi zəfər illərlə əldə edilən Avrokubok təcrübəsindən və nəticələrdən düzgün qənaətlər çıxarmaqdan qaynaqlanan əsaslara malikdir. “Köhlən atlar”ın Azərbaycan futbolunda yazdıqları yeni səlnamənin mahiyyətinə sıradakı süjetimizdə birlikdə nəzər salaq.
“Qarabağ”ın zəfərinin kökləri 2014-cü ildən qaynaqlanır. Həmin mövsüm avrokubokların qrup mərhələsində debüt edən “Qarabağ” buradan başlayaraq bir ənənə formalaşdırdı. Qurban Qurbanovun yetirmələri artıq 10 ildir ki doğma azarkeşlərinə Avropa futbolunun həyəcanını yaşadırlar. 2017/2018-ci illər mövsümündə “Köhlən atlar” futbol tariximizdə ilk dəfə olaraq Çempionlar liqasının qrup mərhələsində mübarizə apardı. 2021/2022-ci təqvim ilində isə Ağdam təmsilçisi bu dəfə Konfrans Liqasında qrup səddini aşaraq bunu bacaran ilk Azərbaycan komandası oldu.
Əslində, cari mövsümün əvvəlində əksəriyyət “Qarabağ”dan ölkə miqyasından kənara xüsusi uğur gözləmirdi. Hətta Misli Premyer Liqasında çempion olacağını belə sual altına alan çox sayda futbolsevər və mütəxəssis var idi. Mövsümün əvvəlində Ramil Şeydayev və Musa Qurbanlı kimi futbolçularla yolları ayıran Ağdam klubunun öz səviyyəsini qoruyacağına əsaslı şübhələr artmışdı. “Qarabağ” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu iki oyunun nəticəsinə görə 6:1 hesabı ilə üstələsə də, növbəti etapda Polşanın “Rakuv” komandası təmsilçimizi acı məğlubiyyətə uğratdı və “köhlən atlar” ilk dəfə belə erkən mərhələdə mübarizəni dayandırdı. Daxili çempionatda da işlər elə yaxşı getmirdi. Qurban Qurbanovun kollektivi ondan gözlənilən futbolu və nəticələri göstərə bilmirdi. Bütün bu uğursuzluqlara baxmayaraq, komanda ruhdan düşmədi. Tədricən optimal formasını yığan futbolçular Qurbanovun düzgün taktika və motivasiyası sayəsində özlərinə gəldi. Bunun məntiqi nəticəsidir ki, sıra ilə HİK və “Olimpiya Lüblyana”nı üstələyən “göy-ağlar” ardıcıl onuncu dəfə avrokubokların qrup mərhələsində mübarizə aparmaq hüquq əldə etdi. H (“eyç”) kavrtetində komandamızın rəqibləri “Bayer Leverkuzen”, “Mölde” və “Hekken” oldu. İlk matçda Norveç təmsilçisi üzərində minimalhesablı qələbə qazanan “Qarabağ” qrup mərhələsinə tarixində ilk dəfə qalibiyyətlə başladı. Bu, gələcək uğurun xəbərçisi idi. Belə ki, ağdamlılar rəqiblərindən yalnız mövsümün ən yaxşılarından biri “Bayer Leverkuzen”in müqavimətini qıra bilmədi. Lakin bunu anlayışla qəbul etmək olar. Digər oyunlarda “Hekken” üzərində qazanlan 2 qələbə, “Mölde” səfərində əldə edilən qızıla bərabər bir xal “Qarabağ”a qrupu ikinci bitirməyə imkan verdi. Beləliklə, komandamız tarixində ilk dəfə qitənin ikinci ən rəqabətli yarışının keçid pley-offuna yüksəldi. Burada onları Portuqaliyanın top-klublarından “Braqa” gözləyirdi.
Qurban Qurbanovun yetirmələrinin nümayiş etdirdiyi oyun və mübarizə ruhu futbolsevərlərdə elə bir inam yaratmışdı ki, bir çox azarkeşlər bu çətin sınağın belə öhdəsindən gələcəyinə inanırdılar. Rəqibin tarixi böyük və heyəti güclü olduğundan hədəfləri də böyük idi. Ancaq “köhlən atlar” kiçik büdcə və imkanlarla beynəlxalq arenada nəticə əldə etməyin mümkünlüyünü sübut etdilər və bütün Avropanı şoka saldılar. Bu uğur gözlənilməz ola bilər, ancaq heç bir halda təsadüfi deyil. Əldə edilən zəfər illər ərzində verilən böyük əməyin meyvəsidir. Zaman keçəcək, lakin “Qarabağ”ın futbolsevərlərə bəxş etdiyi bu böyük sevinc doğma azarkeşlərinin qəlbindən silinməyəcək və ilk dəfə yaşatdığı hisslərə görə ölümsüzlük qazanacaq.