- Avroliqa
- 01:59 29.11.2024
Avropa liqasının keçid pley-off mərhələsində “Braqa” səddini keçərək Azərbaycan futbol tarixində yeni səhifə yazan “Qarabağ” göstərdiyi oyunla da həm azərkeşlərinin, həm də neytral izləyicilərin rəğbətini qazanıb. Təmsilçimiz bir çox göstəricilərə görə turnirin ən yaxşıları siyahısındadır.
UEFA Avropa Liqasındakı yeganə təmsilçimiz “Qarabağ” bu mövsüm qitə arenasında hələlik 16 oyunda qüvvəsini sınayıb. Bu matçlarda “Köhlən atlar” 9 qələbə qazanıbsa, 4 dəfə məğlub olub və daha 3 dəfə rəqibləri ilə bərabərliyə razılaşıb. Bu görüşlərdən 4-ü UEFA Çempionlar Liqası və 4-ü isə UEFA Avropa Liqasının təsnifat mərhələsinə təsadüf edir. Komandanın bu etapda ən yaxşı nəticəsi Cəbəllütariqin “Linkoln” klubuna qarşı evdə qazanılmış 4:0 hesablı qələbə idi. “H” (eyç) qrupunda mübarizə aparan Ağdam təmsilçisi bu kvartetdə keçirdiyi 6 oyuna 7 qol vurub, öz qapılarında isə 9 qol görüb. Buraxılan qollardan 6-sı “Bayer Leverkuzen”ə qarşı oyunlarda qeydə alınıb.
“Qarabağ” hazırki avrokubok mövsümündə rəqib qapılarından 29 qol keçirib. Komandanın ən məhsuldar futbolçusu 5 qol vuran Redon Cicadır. Maaraqlıdır ki, albaniyalı hücumçu yalnız təsnifat mərhələsində fərqlənməyi bacarıb. Bunula yanaşı hərəyə 4 dəfə fərqlənən Leandro Andrade və Olaviyo Juninyonu fərqləndirə bilərik. Azərbaycanlı oyunçulardan isə Toral Bayramov 3 və Bəhlul Mustafazadə isə 2 qol vurub. Maraqlıdır ki, qrupda rəqibləri yalnız 7 dəfə məyus edə bilən “Qarabağ” keçid pley-off mərhələsində təkcə “Braqa”ya 6 qol vurmağı bacarıb.
Səfər görüşündə Portuqaliya komandası üzərində 4:2 hesablı qələbədən sonra ağdamlıların iki futbolçusu - Abdulla Zubir və Andrey Lunyov UEFA tərəfindən Avropa Liqasında həftənin rəmzi heyətinə daxil ediliblər. Turnirin keçid pley-off mərhələsinin cavab oyunlarından sonra yeni statistik göstəricilər açıqlanıb. Bu rəqəmlərə əsasən "Qarabağ"ın qolkiperi Andrey Lunyov turnirdə ən çox qurtarış edən qapıçıdır. 37 "seyv"lə yadda qalan qapıçı Kiprin "Aris" klubundan Vana Alvesi və Polşanın "Rakuv" kollektivindən Vladan Kovaçeviçi qabaqlayır. "Qarabağ" həmçinin UEFA Avropa Liqası matçlarında ən çox top qazanan komandadır. Qurban Qurbanovun yetirmələri keçirdikləri 8 qarşılaşmada 350 dəfə topu rəqibdən "oğurlayıblar". Bu baxımdan braziliyalı dayaq yarımmüdafiəçisisi Julio Romao seçilir. İkili mübarizələrdə 27 dəfə dueli qalib bitirən Romao bu göstəricidə ən yaxşıdır. Əlbəttə ki, “göy-qaralar”ın 1/8 final mərhələsinə adlamasında Marko Yankoviçin əvəzsiz rolu var. UEFA turun ən yaxşı oyunçusu nominasiyasında onu qeyd etməsə də, məşhur “Sofascore” saytı monteneqrolu futbolçunu UEFA Avropa Liqasının rəmzi komandasına daxil edib.
Ümid edirik ki, “Qarabağ”ın statistikalarını çətin “Bayer Leverkuzen” səddini keçdikdən sonra növbəti rəqibi qarşısında yenidən qiymətləndirəcəyik.