22 oktyabr 2024. Çərşənbə axşamı

"Qarabağ"ın Almaniya nəhəngi ilə 4-cü dueli


  • Avroliqa
  • 15:01 13.03.2024
  • Oxunma sayı: 111
"Qarabağ"ın Almaniya nəhəngi ilə 4-cü dueli

Avropada yeganə təmsilçimiz “Qarabağ” “H” qrupu çərçivəsində “Bayer Leverkuzen”lə  ilk olaraq qrup mərhələsinin 3-cü turunda “Bay Arena”da üz-üzə gəldi. Görüş Leverkuzen təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşdı. Qarşılaşma rəqibin aşkar üstünlüyü ilə başladı və bunun məntiqi nəticəsi kimi “əczaçılar” artıq 5-ci dəqiqədə hesabı açdılar. Rəqibin heyətində Florian Virtz Lunyovun qoruduğu qapıya yol tapdı. Lakin tezliklə Qurban Qurbanovun komandası tarazlığı bərpa edə bildi. Olavio Juninyoya qarşı edilən qayda pozuntusuna görə təyin olunan penaltini Toral Bayramov dəqiq yerinə yetirdi. Hərçənd “Qarabağ”ın bundan artığına gücü çatmadı. “Bayer”dən 29 və 54-cü dəqiqələrdə Alexandro Qrimaldo, 35-ci dəqiqədə Viktor Bonifeys, 57-ci dəqiqədə isə Edmond Tapsoba fərqləndilər.

 

4-cü tur çərçivəsində Bakıda keçirilən cavab qarşılaşmasında “Qarabağ” daha fərqli oyun sərgilədi. İlk oyundan fərqli olaraq Toralı ehtiyatda saxlayan Qurban Qurbanov Yassin Benziaya şans verdi. Güclü rəqibinə 90 dəqiqə ciddi müqavimət göstərən komandamız yalnız son dəqiqələrdə üzüldü. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini həll edən qol penaltidən vuruldu.  Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Maksim Medvediyevin əl ilə oyunu hakimin 11 metrlik cərimə zərbəsi təyin etməsinə səbəb oldu. Viktor Bonifeys penaltini dəqiq yerinə yetirərək komandasının aktivinə növbəti 3 xalı yazdırdı.

 

1/8 final mərhələsində “Qarabağ” yenidən Almaniyanın nəhəngi “Leverkuzen”lə üz-üzə gəldi. Tərəflər arasında ilk duel Tofiq Bəhramov adına stadionda reallaşdı. Matçda hesabı 26-cı dəqiqədə "Qarabağ"ın oyunçusu Yassin Benzia açdı. İlk yarıya əlavə edilmiş 2-ci dəqiqədə Olavio Juninyo "Qarabağ"ın üstünlüyünü 2 topa çatdırdı. Fasilədən sonra meydana toplaşan azarkeşlər tam fərqli ssenari izlədilər. 70-ci dəqiqədə fərqlənən Florian Virtz hesab arasındakı fərqi azaltmaqla “əczaçılar”a ümid verdi. Uzatma dəqiqələrində isə "Bayer”dən Patrik Şik tarazlığı bərpa etdi - 2:2. Bununla da Almaniya təmsilçisinin 34 oyunluq məğlubiyyətsizlik seriyasını qırmaq mümkün olmadı.

 

Bu komandalar arasında cavab matçı martın 14-ü gecəyarısı Leverkuzenin “Bay Arena” stadionunda keçiriləcək. Qarşılaşmanı İngiltərədən Entoni Teylor idarə edəcək. Oyun “CBC Sport”la canlı yayımlanacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi