- Avroliqa
- 21:00 11.11.2024
"Oyun barədə çox danışmaq olar. Rəqibi təbrik edirəm".
Corner.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Bakıa "Neftçi"yə 0:6 hesabı ilə uduzan "Sperantsa"nın baş məşqçisi Kristian Efros deyib. Matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran 27 yaşlı çalışdırıcı bunları deyib.
- İlk oyunda demişdiniz ki, "Neftçi" hakimlərin hesabına qalib gəlib. Bu nəticə sizə cavab oldumu?
- İlk oyunla bağlı fikrimi dəyişmirəm. Amma bugünkü matçla bağlı eyni şeyi deyə bilmərəm. Təəsssüf ki, biz "Liverpul" deyilik. Böyük risk aldıq və nəticə belə oldu. Birinci oyunda başqa hesab qeydə alınsaydı, bu gün də oyun fərqli olardı.
- Adətən belə böyükhesablı məğlubiyyətdən sonra baş məşqçi klub prezidentinə hesabat verir. Siz atanıza nə deyəcəksiniz?
- Məncə, bu, sizin yox, bizim daxili problemlərimizdir. Mən hesabatı prezidentə verəcəyəm.
- İlk oyundan sonra "Neftçi"yə ikinci dərəcəli rəqib kimi yanaşmışdınız. Yəqin ki, bugünkü nəticədən sonra "Neftçi"ni unutmayacaqsınız...
- Deyə bilərsiniz ki, aqressiv danışıram. Aqressiv suallar verirsiniz və eyni şəkildə cavab gözləyirsiniz. Sizin xoşunuza gələn çox şey danışa bilərəm. Sizi başa düşə bilmirəm. Gəlin, futboldan yox, həyatdan da danışaq. Əgər maaşınız aşağıdırsa, həmişə onun çox olmasını istəyəcəksiniz. Hər bir şəxs uğurlu olmaq istəyir. Mən həmişə qələbə qazanmaq istəyirəm. Bu gün alınmadı, sabah alınacaq. Ancaq axmağın biri deyə bilər ki, sabah uduzacağam.
- "Neftçi" barədə çox sərt açıqlamalar vermişdiniz. Hətta ironiyalı atmacalar da atmışdınız...
- Problem nədədir? Moldovada pomidor çoxdur. Orda şərab da var. Azərbaycanda neft var, bununla qürur duymalısınız. Heç vaxt Azərbaycan haqda pis ifadə işlətməmişəm. Sadəcə, sizin neft satdığınızı demişəm. Dünən də bildirdim ki, Azərbaycanın qonaqpərvərliyi xoşuma gəldi. "Neftçi" rəhbərliyinin meydanı sulamaqla bağlı sözləri xoşuma gəlmədi. Siz də bizim mentalitetimizi bilməlisiniz. Çünki sizin kimi, bizim də öz mentalitetimiz var.
- "Neftçi" növbəti turda "Arsenal"la qarşılaşacaq. Paytaxt klubunun şanslarını necə qiymətləndirirsiniz?
- Əgər "Neftçi" qrup mərhələsinə çıxsa, biz qürur duyacağıq. Hər iki komandaya uğurlar arzulayıram.