9 may 2024. Cümə axşamı

UEFA Avropa və Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir


  • Avroliqa
  • 06:06 18.04.2024
  • Oxunma sayı: 238
UEFA Avropa və Konfrans Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gün UEFA Avropa Liqası və UEFA Avropa Konfrans Liqasında 1/4 final mərhələsinə cavab görüşləri keçiriləcək.

90deqiqe.az xəbər verir ki, UEFA Avropa Liqasında “Liverpul” “Atalanta” səfərinə yollanacaq. Turnirin əsas favoritlərindən biri sayılan “mersisaydlılar”ın ilk oyunda doğma meydanda İtaliya təmsilçisinə 0:3 hesablı məğlubiyyəti gözlənilməz oldu. Qonaqların yarımfinal şansları artıq möcüzəyə qalıb. Oyunda ədaləti fransalı referi Fransua Leteksye qoruyacağı matç .

Gecənin digər görüşü İngiltərədə oynanılacaq. Burada  “Vest Hem” “Bayer Leverkuzen”lə üz-üzə gələcək. İlk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn və artıq Bundesliqa tarixində ilk çempionluğunu rəsmiləşdirən Xabi Alonsonun kollektivi bu turniri də qalib bitirmək niyyətindədir. Londonda keçiriləcək qarşılaşmanı  ispaniyalı Xose Sançez Maria Martinez idarə edəcək.

Mərhələnin ən maraqlı qarşılaşmalarından biri İtaliyada oynanılacaq. Burada turnirin son finalçısı “Roma” “Milan”ı qəbul edəcək. Qarşıdurmanı maraqlı edən məqam Kalço təmsilçilərinin avrokuboklarda üz-üzə gəlməsidir. Komandalar bu mövsüm liqada 2 dəfə üz-üzə gəliblər ki, həmin oyunlarda “rossionerilər” maksimum nəticə əldə ediblər. Ümumiyyətlə, “Milan” klubu 9 oyundur rəqibinə uduzmur. Romada keçiriləcək qarşılaşmanı polşalı Şimon Marsinyak idarə edəcək.

Mərhələnin digıər görüşündə isə “Marsel” doğma azarkeşləri önündə “Benfika” ilə münasibətlərə aydınlıq gətirəcək. Portuqaliya klubu ötən mərhələdə “Reyncers”i üstələməyi bacarıb. “Provonsallar” isə çətinliklə də olsa, “Vilyarreal”ı mübarizədən kənarlaşdırıb. Tərəflər arasında Portuqaliyada keçirilən ilk matçdan “Benfika” 2:1 hesablı qələbəyə sevinib. “Veledrom” stadionunda keçiriləcək oyunun idarəsi Maykl Oliverə tapşırılıb.

Qeyd edək ki, bütün qarşılaşmalar saat 23-də start götürəcək.

Həmçinin UEFA Konfrans liqasında da yarımfinalçıların adına aydınlıq gələcək.  Günün ilk seansında 2 oyun təşkil olunacaq. İtaliyada turnirin son finalçısı “Fiorentina” “Viktorya Plzen”i sınağa çəkəcək. Tərəflər arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Bu, görüşə marağı artıran əsas səbəblərdəndir. “Artemio Franki” stadionundakı dueli Xesus Xil Mansano idarə edəcək.

Mərhələnin daha bir oyunu isə Fransada keçiriləcək. Burada “Lill” “Aston Villa” ilə üz-üzə gələcək. Komandaların İngiltərədəki ilk qarşılaşması Unai Emerinin kollektivinin 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı. 

Saat 23-ə də 2 qarşılaşma təyin olunub. PAOK evdə “Brügge” ilə qarşılaşacaq. Kollektivlərin Belçikadakı ilk oyununda meydan sahibləri minimal hesabı qələbəyə sevinmişdilər. “Tumba” stadionunda oynanılacaq duelin idarəçiliyi İtalyalı referi Davide Massaya tapşırılıb.

Mərhələnin digər oyunu isə İstanbulda keçiriləcək. Burada yerli “Fənərbağça” klubu Yunanıstan “Olimpiakos” ilə üz-üzə gələcək. Tərəflər arasında keçirilən ilk görüş olduqca maraqlı alınmışdı. Belə ki, istanbul təmsilçisi 3:0 geriyə düşsə də, oyunun sonlarına yaxın vurduğu 2 qolla yarımfinal ümidlərini cavab görüşünə daşımağı bacardı. “Şükrü Saracoğlu” stadionunda oynanılacaq matçı Almaniyalı hakim Tobias Ştiler idarə edəcək.







Avroliqa