- Avroliqa
- 21:00 11.11.2024
Arsenal Tula'nın yeni transferi Qoran Çauşiç klubun rəsmi saytına geniş müsahibə verib.
Corner.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi komandasının Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Neftçi" haqda da danışıb. 27 yaşlı futbolçu "ağ-qaralar"ın 2014-2015 mövsümündə Avroliqanın pley-off mərhələsində "Partizan"la keçirdiyi oyunları da xatırlayıb:
"Neftçi" və Azərbaycan futbolu haqda bir az məlumatım var. 5 il bundan öncə "Partizan" Belqradda Avropa Liqasının pley-off mərhələsində Azərbaycan klubu ilə qarşılaşmış və çətinlik çəkmədən onlara qalib gəlmişdi - 3:2. Həmin vaxt bakılıların heyətində "Srvena Zvezda"nın sabiq qapıçısı Saşa Stamenkoviç çıxış edirdi. Ümumiyyətlə, Avroliqa əla turnirdir. Burada güclü klublar kifayət qədərdir. Avroliqada iştirak etmək həm komanda, həm də şəhər üçün çox yaxşıdır".
Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında Tulada keçirilən ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması avqustun 1-də Bakıda, "Bakcell Arena"da olacaq və saat 21:00-da başlayacaq