- Avroliqa
- 19:48 13.12.2024
"Sabah çox vacib oyuna çıxacağıq".
90deqiqe.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” klubuna qarşı keçirəcəkləri II tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, özünəməxsus oyun üslubu olan komandaya qarşı mübarizə aparacaqlarını bildirib: "Azarkeşlərimizi sevindirmək istəyirik. Oyuna hazırlaşmağa vaxtımız az olub. Zədəli Mateus Silva bir neçə matçda komandaya kömək edə bilməyəcək. Marko Yankoviçlə bağlı qərarı isə sabah verəcəyik. Hələlik 60-65 dəqiqə oynamağa hazırdır.Rəqibimiz İsveçin digər komandalarından fərqlənir. Ümumiyyətlə, skandinaviyalılar fiziki futbola daha çox üstünlük verirlər. Bəlkə sabah öz oyun tərzimizdən kənara çıxdıq. Avrokuboklarda mübarizə aparan hər bir komanda ciddi rəqibdir. Bu cür turnirlərdə gözlənilməz nəticələrə rast gəlmək olur".
Ötən mövsüm İsveçin "Yurqorden" komandasında çıxış etmiş Musa Qurbanlıdan "Malmö" barədə informasiya aldığını da vurğulayan Qurbanov seçimini də oyun günü edəcəyini qeyd edib: "Lakin Musanın sabah start heyətində meydana çıxıb-çıxmayacağını indidən deyə bilmərəm".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Malmö" oyunu saat 20:45-də başlayacaq.