Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hili açıqlama verib.
Corner.az “Belfast live” nəşrinə istinadən xəbər verir ki, Hili, Bakıdakı cavab matçının çətin keçəcəyini bildirib:
“Cavab matçına ciddi hazırlaşırıq. Bakıdakı oyun məşqçilik karyeramda ən çətin matç olacaq. Stadionda 30-35 min azarkeşin olacağını təsəvvür edirəm. Bu, qisas matçı kimi bir qarşılaşma olacaq. Rəqib bizim qanımızı içmək istəyəcək. Bu, isə bizə sərf edir. Nəyə görə oynayacağımızı biləcəyik. İstədiyimiz nəticəni qazanacağımıza ümid edirəm. Buna baxmayaraq, “Qarabağ” matçın favoritidi. Qrup mərhələsinə vəsiqə qazanmağın nə qədər çətin olacağını bilirik. Özümüzə, uğurumuza inanmalıyıq.
“Qarabağ”ın necə yaxşı komanda olduğunu hamı gördü. Biz də ilk matçda çox yaxşı çıxış etdik, amma cavab görüşündə də ilk oyundakı kimi çıxış etməliyik. Bu, ciddi sınaq olacaq. Fasilədə, hesab 2:1 olarkən, şokda idim. Futbolçularım mükafata layiqdilər, çünki onlar “Qarabağ” kimi komandaya qalib gəliblər”.
“Linfild”lə “Qarabağ” arasında keçirilən ilk matç Şimali İrlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bakıda keçiriləcək cavab matçına avqustun 29-da, saat 20:00-da start veriləcək.