- Avroliqa
- 21:18 12.12.2025
“Sabah” klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Selye” ilə keçiriləcək qarşılaşma öncəsi keçirilən mətbuat konfransında açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, litvalı mütəxəssis qarşıdakı oyunlara ciddi hazırlaşdıqlarını bildirib:
“Avrokubok oyunları bizim üçün çox vacibdir. Rəqibimiz güclü komandadır. Ötən mövsüm Konfrans Liqasında 1/4 final mərhələsinə qədər irəliləmişdilər. Bu cür matçlarda kiçik detallar nəticəyə təsir edir. "Selye"nin oyun üslubunu yaxşı analiz etmişik. Heyətlərində müəyyən dəyişikliklər olsa da, güclü tərəflərini bilirik”.
Dambrauskas komandasının hazırkı durumundan razı qaldığını da vurğulayıb:
“Komandamın hazırlığı məni qane edir. Bu şəkildə davam etsək, nəticə də arzuolunan olacaq. Azarkeşlərimizə baxımlı oyun vəd edirəm”.
Təcrübəli baş məşqçi "Sabah"a gəlişinin səbəblərindən də danışıb:
“Bu klubun iddialı layihəsi mənim üçün maraqlı oldu. Cəmi 8 ildir yaradılan bir komandanın bu qədər qısa zamanda belə nəticələr qazanması diqqətəlayiqdir. Biz də “Selye” ilə oyunlarda bu uğurlu yolu davam etdirmək istəyirik”.
Dambrauskas sözlərinin sonunda komandasına hücum futbolu oynatmağı sevdiyini bildirib:
“Mən istəyirəm ki, komandam meydanda dominant olsun, topa sahib çıxsın və daha çox qol vursun. Futbolçularıma inanıram. “Selye” ilə oyuna tam hazırıq”.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Selye şəhərində keçiriləcək.