- Avroliqa
- 21:00 11.11.2024
"Səfərdəki matçda 2:3 hesabı ilə uduzduq. Amma komandadakı əhval-ruhiyyə yaxşı idi. Çünki bilirdik ki, yaxşı oyun nümayiş etdirərək evdə bu komandaya qalib gəlmək olar. Bu inam hamıda var idi. Oyuna çox rahat hazırlaşırdıq. Öz gücümüzə də inanırdıq. İlk görüşdən sonra rəqibi də yaxından tanıdıq. Bizim gözlədiyimiz kimi oynadılar. Buna isə tam olaraq hazır idik. Çalışdıq ki, nəticə əldə edək, rəqibi məğlub etdik və qrup mərhələsinə düşdük".
Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Şimali İrlandiyanın "Linfild" komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
30 yaşlı müdafiəçi Ağdam təmsilçisinin ikinci qolu gec vurduğunu bildirib: "Birinci qolu 6-cı dəqiqədə vurduq. İkinci qol isə sonlara təsadüf etdi. Bəlkə hamıya maraqlı gələr ki, niyə belə oldu. Bu futboldur. Şanslarımız oldu. Sadəcə vura bilmədik. Qismət belə oldu ki, sonlarda fərqlənə bildik.
Medvedev deyib ki, hesab 1:0 olarkən oyunçularda gərginlik var idi: "1:1 rəqib komandaya sərf edirdi. Bu hesabla qrup mərhələsinə onlar yüksəlirdi. Çalışırdıq ki, həm müdafiədə yaxşı oynayaq, həm də ikinci qolu vuraq və bir az rahat olaq. İkinci qol isə gec gəldi, məcbur olduq ki, 90 dəqiqə əziyyət çəkək. 2:0 olandan sonra bir az rahatlaşdıq. Buraxdığımız qolda isə kimsə 2-3 metr çatdırmadı. Bu gün heç bir rəqiblə rahat oynamaq olmur. Hamı qol vura bilir".
Müdafiəçi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarından da bəhs edib: "İstəyirik ki, qrupumuza ağır komandalar düşməsin. Rəqiblərimizi biləndən sonra analiz edəcəyik ki, qrupda necə oynamaq lazımdır. Təzə oyunçulara gəlincə isə, cəlb etməyə çalışırlar. Bəlkə də azarkeşlər istəyirik ki, "Mançester Yunayted" bizə rəqib olsun və Bakıda "Qarabağ"la oynasın. Amma əlbəttə ki, bizə ağır olacaq. Qismət hansı komandalardırsa, onlarla da qarşılaşacağıq.(report)