UEFA yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edib.
Corner.az xəbər verir ki, bu yeniliklər qurumun İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclasında qərara alınıb.
2019/20 mövsümündə VAR (video təkrar sistemi) texnologiyası Avropa Liqasının 1/16 final mərhələsindən başlayaraq istifadə olunacaq. Bunadək ikinci dərəcəli klub turnirində yalnız bir dəfə - ötən mövsümün Bakıda keçirilən finalında VAR tətbiq edilmişdi.
Bu dəfə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” əgər qrupdan çıxsa, 1/16 finalda VAR-la üzləşəcək.
Qadınlar arasında Çempionlar Liqasının finalında, qadınlar arasında AÇ-2021-in final mərhələsində də bu sistemdən istifadə olunacaq. Sonuncu turnirdə həm də “goal-line” texnologiyası işə düşəcək.