- Avroliqa
- 11:43 27.02.2026
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, gərgin və prinsipial mübarizə şəraitində keçən qarşılaşmalardan sonra 1/8 finala vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.
Türkiyə təmsilçisi "Fənərbağça" İngiltərədə "Nottinqem Forest"in qonağı olub. Görüş İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatsa da, ilk matçda 0:3 hesabı ilə məğlub olan “sarı-lacivərtlilər” iki oyunun nəticəsinə görə mübarizəni dayandırıblar.
Almaniyanın "Ştutqart" komandası doğma meydanda Şotlandiya təmsilçisi "Seltik"lə üz-üzə gəlib. Cavab oyununda minimal hesablı məğlubiyyətə (0:1) baxmayaraq, ilk görüşdə əldə olunan 4:1 hesablı üstünlük Bundesliqa təmsilçisini növbəti mərhələyə daşıyıb.
Macarıstanın "Ferentsvaroş" klubu Bolqarıstan çempionu "Ludoqorets" üzərində 2:0 hesablı qələbə qazanaraq mərhələ adlayan tərəf olub (ilk oyun – 1:2).
Çexiyanın "Viktoriya Plzen" komandası Yunanıstanın "Panatinaikos" kollektivi ilə iki oyunun yekununda bərabərliyə qalıb (1:1, ilk oyun – 2:2). Penalti seriyasında daha dəqiq oynayan Afina təmsilçisi (4:3) 1/8 finala yüksəlib.
Serbiyanın "Srvena Zvezda" klubu öz meydanında Fransanın "Lill" komandasına 0:2 hesabı ilə uduzub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Belqrad təmsilçisi ümumi hesabda geri düşərək turnirlə vidalaşıb.
Belçikanın "Genk" komandası Xorvatiyanın "Dinamo Zaqreb" kollektivi ilə məhsuldar heç-heçə edib – 3:3. Səfərdə qazanılan 3:1 hesablı qələbə sayəsində Genk mərhələ adlayan tərəf olub.
İspaniyanın "Selta" klubu Yunanıstanın PAOK komandasını 1:0 hesabı ilə məğlub edərək üstünlüyünü qoruyub (ilk oyun – 2:1).
İtaliyanın "Bolonya" kollektivi Norveç təmsilçisi "Brann" üzərində minimal hesablı qələbə (1:0) qazanaraq adını 1/8 finala yazdırıb. İlk görüş də eyni hesabla başa çatmışdı.
Qeyd edək ki, daha əvvəl "Portu", "Braqa", "Midtyullann", "Betis", "Frayburq", "Lion", "Roma" və "Aston Villa" 1/8 final mərhələsinə birbaşa vəsiqə əldə ediblər.