23 noyabr 2024. Şənbə

Avropa mədəniyyəti Azərbaycandan üzr istədi - Tahir Gözəl


  • Avroliqa
  • 02:17 04.10.2019
  • Oxunma sayı: 506
Avropa mədəniyyəti Azərbaycandan üzr istədi - Tahir Gözəl

Qarabağ klubunun prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə  “Düdelanj”a qalib gəldikləri oyundan (4:1) sonra qol.az-ın suallarını cavablandırıb. O, ilk olaraq matç haqda fikirlərini səsləndirib:

- Bu gün stadionu çox sevinclə tərk edirəm. Qürur hissi ilə buradan çıxıram. Bilirsiniz, rəqib APOEL-ə 4 qol vurmuş bir komandadır. Bu, çox gözəl, tarixi bir hadisədir. “Qarabağ”ımızı təbrik edirəm. Əziz xalqımı, əziyyət çəkmiş, fədakarlıq etmiş xalqımı, ölkə rəhbərliyini təbrik edirəm. Məncə, böyük bir qələbə qazanmışıq. Hamımız bu gün sevinirik.

- Bu gün hər nə qədər sadəcə, futbol izləmək istəsək də, baş verən hadisələrdən sonra futbol arxa plana keçdi. İkinci qoldan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırıldı. Bu məsələylə bağlı fikirləriniz necədir?

- Bilirsiniz, 1960-cı illərdən gələn “Qarabağ” klubunun bir tarixi var. 2002-ci ildə biz “Qarabağ”ın sponsoru olduq. Burada 17 ilin əməyi, zəhməti var. Bu böyük uğuru bir dronla, bir hadisəylə pozmağa çalışmaq özü çox bədbəxt hadisədir. Mənim zənnimcə, yazıqlıqdır, bu, çarəsizliyi göstərir. Gəlin, nəticəyə baxaq. Biz bu gün rəqibi 4:1 hesabı ilə məğlub edərək ölkəmizə qayıdırıq. Və Avropa mədəniyyəti Azərbaycandan üzr istədi. Mənim azarkeşim burada bu hücuma, təcavüzə məruz qala-qala Lüksemburqa əl çaldı. Çünki onlar Azərbaycandan üzr istədi. Mənim azarkeşlərim Lüksemburq azarkeşlərini alqışladı, onlar isə bizim azarkeşlərimizi. Biz provakasiyaya, oyuna gəlmədik. Şəxsiyyətimizlə, duruşumuzla, sportmenliyimizlə, insanlığımızla buradan çıxırıq. Mən düşünürəm ki, biz həm mənəvi, həm idman, həm də politik cəhətdən böyük bir qələbəylə vətənə qayıdırıq.

- İkinci hissənin gedişatında sizin UEFA-nın nümayəndəsi və “Düdelanj”ın prezidenti ilə ayaqüstü söhbətiniz oldu. Nələr müzakirə etdiniz?

- Mən rəqib komandanın prezidentinə bildirdim ki, bu, qəbuledilməz bir haldır. Bu cəhd böyük bir qüsurdur. Rəqib komandanın prezidenti bu sözləri qəbul etdi və o da şəxsən bizdən üzr istədi. Dedi ki, sizdən üzr istəyirəm, amma bilin ki, bizim bu məsələylə əlaqəmiz yoxdur. Bu hadisəyə daxil olmadıqlarını, onlar üçün də sürpriz olduğunu dedi. UEFA nümayəndəsinə isə sbu hadisəyə necə yanaşması ilə bağlı sual verdim. Hadisə tennis klubu binasının damında baş verib. Dron oradan idarə olunub. UEFA deyir ki, əgər həmin tennis klubu stadiona daxildirsə, günah düşür stadiona, onun rəhbərliyinə. Əgər tennis klubu stadion birliyinə daxil deyilsə, o zaman Lüksemburq polisi cavab verəcək. Bildirdilər ki, hadisə araşdırılacaq.  Mən ona dedim ki, bu, çox böyük bir hadisədir. Bizim üçün yox, UEFA üçün. Bunun qarşısını almaq üçün UEFA nə edəcək? Bu dron hadisəsi terror aktı da, daha böyük hadisə də ola bilərdi. Bu, futbol tarixində bir ilk olaraq böyük bir təhlükə kimi yadda qaldı. UEFA buna qarşı önləm almalıdır. UEFA nümayəndəsi də qəbul etdi ki, bu, çox ciddi bir hadisədir.







Avroliqa