8 iyul 2026. Çərşənbə

"Ən güclü rəqiblərimizdən biridir"


  • Avroliqa
  • 17:41 08.07.2026
  • Oxunma sayı: 29
"Ən güclü rəqiblərimizdən biridir"

İslandiyanın "Vestri" komandasının baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis mətbuat konfransında Azərbaycan çempionunu çox güclü rəqib kimi dəyərləndirib.

"Sabah güclü komandaya qarşı oynayacağıq. Futbolçularımız üçün çətin matç olacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik", - deyə o bildirib.

Daniel Osafo-Badu "Qarabağ"ın oyun üslubunu yaxından izlədiyini vurğulayaraq, komandanın müəyyən dəyişikliklərə baxmayaraq öz oyun fəlsəfəsini qoruduğunu söyləyib:

"Bəzi futbolçular dəyişib, amma baş məşqçi eynidir. Rəqibin yoxlama oyunlarını izləmişəm. "Qarabağ" UEFA Çempionlar Liqasındakı çıxışlarında olduğu kimi eyni taktikaya üstünlük verir. Onların heyətində keyfiyyətli futbolçular var".

İslandiyalı çalışdırıcı püşkün nəticəsini futbolçularının müsbət qarşıladığını da qeyd edib:

"Futbolçular "Qarabağ"la oynayacağımızı öyrənəndə sevindilər və həyəcanlandılar. Bu komanda indiyədək qarşılaşacağımız ən güclü rəqiblərdən biridir".

Mütəxəssis oyun planını açıqlamaq istəmədiyini bildirib və əlavə edib ki, rəqibin topa nəzarət etməyə çalışacağını nəzərə alaraq əks-hücumlarda şans axtaracaqlarını vurğulayıb. O, eyni zamanda Azərbaycanın çox gözəl ölkə olduğunu da dilə gətirib.

Qeyd edək ki, "Qarabağ" - "Vestri" görüşü iyulun 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Avroliqa