8 iyul 2026. Çərşənbə

"Məqsədimiz güclü komanda formalaşdırmaqdır"


  • Avroliqa
  • 19:58 08.07.2026
  • Oxunma sayı: 41
"Məqsədimiz güclü komanda formalaşdırmaqdır"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasına qarşı keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında komandasının hazırlıq durumu və transfer gündəmi ilə bağlı açıqlamalar verib.

90deqiqe.Az  xəbər verir ki, təcrübəli mütəxəssis mövsümə yeni başladıqlarını və heyətdəki dəyişikliklər səbəbindən uyğunlaşma prosesinin davam etdiyini bildirib.

"Yeni mövsümə başlamışıq. Heyətdə müəyyən yeniliklər olduğu üçün uyğunlaşma prosesi davam edir. Hazırda bəzi çatışmayan məqamlar var. Bununla belə, komandanın hazırlıq səviyyəsi bizi qane edir. İnanıram ki, qarşıdakı müddətdə bütün çatışmazlıqları aradan qaldıracağıq. Məqsədimiz güclü komanda formalaşdırmaq və uğurlu nəticələrlə azarkeşlərimizin etimadını doğrultmaqdır", – deyə Qurbanov vurğulayıb.

Baş məşqçi komandanın müdafiəçisi Kamilo Duranın Şotlandiyanın "Seltik" klubunun düşərgəsində olduğunu təsdiqləyib.

"Kamilo Duran hazırda "Seltik"in düşərgəsindədir. Danışıqlar müsbət yekunlaşarsa, o, "Qarabağ"dan ayrılacaq", – deyə o bildirib.

Qurbanov, həmçinin cəzasını başa vuran Elvin Cəfərquliyevin "Vestri" ilə oyunda iştirak edə biləcəyini də söyləyib.

"Elvin meydana çıxa bilər. Ancaq onun start heyətində, yoxsa sonradan oyuna daxil olacağını indidən deyə bilmərəm", – deyə Ağdam klubunun çalışdırıcısı əlavə edib.

Qeyd edək ki, "Qarabağ" – "Vestri" qarşılaşması iyulun 9-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.







Avroliqa