10 iyul 2026. Cümə

"Vestri" bizi çox yaxşı təhlil etmişdi"


  • Avroliqa
  • 23:43 09.07.2026
  • Oxunma sayı: 49
"Vestri" bizi çox yaxşı təhlil etmişdi"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında azarkeşlərə xüsusi təşəkkürünü bildirib.

"Azarkeşlərimizə təşəkkür edirəm. Sanki Çempionlar Liqasının oyununda idilər. İlk matçdan başa düşdük ki, çox məsuliyyətli olmalıyıq və bu, bizə əlavə motivasiya verdi. Onların dəstəyi futbolçular üçün çox vacib idi", – deyə baş məşqçi vurğulayıb.

Qurbanov oyunda müəyyən çatışmazlıqların olduğunu da gizlətməyib:

"Oyun planında müəyyən narazılığım var idi. Bəzi futbolçuların hazırlıq səviyyəsi fərqlidir. İkinci hissənin sonlarında yorğunluq hiss olundu. Rəqib çox yaxşı müdafiə olundu və bizi ətraflı təhlil etmişdi. Cavab oyununa da eyni məsuliyyətlə yanaşmalıyıq. Gərgin qarşılaşma bizim xeyrimizə olacaq".

Baş məşqçi heyət seçiminə də toxunub:

"İlk oyunlarda çox diqqətli olmalıyıq. Futbolçuların hazırlıq vəziyyətini nəzərə alırıq. Rotasiya ilə bağlı qərarı indidən vermək düzgün olmaz. Qarşıda hələ vaxtımız var".

Qurbanov bir müddət əvvəl cəzalandırılan Elvin Cəfərquliyevin komandaya qayıtdığını da təsdiqləyib:

"Elvin komandaya qayıdıb. Onunla bir neçə görüşümüz oldu. Hər birimiz qaydalara əməl etməliyik. Lazım gələndə sərt qərarlar vermək də vacibdir".

Qeyd edək ki, "Qarabağ" və "Vestri" arasında cavab görüşü iyulun 17-də keçiriləcək.







Avroliqa