16 iyul 2026. Cümə axşamı

"Rəqibi daha yaxından tanıyırıq"


  • Avroliqa
  • 22:46 15.07.2026
  • Oxunma sayı: 25
"Rəqibi daha yaxından tanıyırıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasına qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, komanda qarşılaşmaya demək olar ki, tam hazır vəziyyətdədir.

"Rəqibi artıq daha yaxından tanıyırıq. Həm onların oyununu, həm də öz çıxışımızı təhlil etmişik. Uzun yol qət etsək də, inanıram ki, futbolçularımız matça qədər tam hazır olacaqlar. Hava soyuqdur, amma futbol oynamaq üçün kifayət qədər əlverişlidir", – deyə Qurbanov vurğulayıb.

Baş məşqçi səfərin komandanın fiziki durumuna müəyyən təsir etdiyini də etiraf edib:

"Dünən demək olar ki, bütün günü yolda olmuşuq və müəyyən yorğunluq var idi. Buna baxmayaraq, futbolçuların sabah maksimum motivasiya ilə meydana çıxacağına inanıram".

Qurbanov heyətdə bəzi dəyişikliklərin mümkün olduğunu da istisna etməyib:

"Bəzi futbolçularda müəyyən disbalans var. Bununla belə, komandamız oyuna hazırdır. Son qərarı matçdan əvvəl verəcəyik və ən optimal heyəti meydana buraxacağıq".

Qeyd edək ki, "Vestri" – "Qarabağ" cavab görüşü iyulun 16-da Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşmada Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.







Avroliqa