22 iyul 2026. Çərşənbə

"ÇSKA-ya qarşı çox diqqətli oynamalıyıq"


  • Avroliqa
  • 18:04 22.07.2026
  • Oxunma sayı: 32
"ÇSKA-ya qarşı çox diqqətli oynamalıyıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında əvvəlcə jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib, daha sonra qarşıdakı oyunu dəyərləndirib.

"Yaxşı komandaya qarşı oynayacağıq. Fərqli rəqibdir. Hər oyunda fərqli sistemlə çıxış edirlər. Bu baxımdan çox diqqətli və məsuliyyətli olmalıyıq. İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər"

Baş məşqçi komandanın hələ tam istədiyi səviyyəyə çatmadığını da etiraf edib.

"Komanda daxilində müsbət mənada çox dəyişikliklər var. Futbolçular çox istəklidirlər və bir-birlərini əvvəlkindən daha yaxşı anlayırlar. Lakin oyunumuzu tam stabilləşdirmək asan deyil. Hazırda bütün futbolçular eyni fiziki durumda deyillər. Yayın isti hava şəraiti və heyətdə baş verən dəyişikliklər də buna təsir edir. Bununla belə, oyundan-oyuna daha yaxşı olacağımıza inanıram", – deyə o vurğulayıb.

Qurban Qurbanov heyətlə bağlı son duruma da aydınlıq gətirib.

"Dani Boltla bağlı ciddi problem yoxdur. Sadəcə, iştirak ərizəsi ilə əlaqədar müəyyən limitlər var. Avropa oyunlarında belə hallar tez-tez yaşanır. Xoni Montiel isə əsas komandadadır və onu bu dəfə meydanda görəcəksiniz. Onun əvəzedici komandaya göndərilməsi ilə bağlı yayılan məlumatlar doğru deyil", – deyə baş məşqçi bildirib.

Təcrübəli mütəxəssis transfer çalışmalarının davam etdiyini də açıqlayıb.

"İşlərimiz davam edir. Heyəti gücləndirmək üçün mütləq iki transfer etməyi planlaşdırırıq. Ümid edirəm ki, bu məsələni yaxın vaxtlarda həll edə biləcəyik", – deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ" – ÇSKA (Sofiya) oyunu iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.







Avroliqa