30 iyul 2026. Cümə axşamı

“ÇSKA ilə oyunda Bakıdakından daha yaxşı çıxış etməliyik”


  • Avroliqa
  • 21:26 29.07.2026
  • Oxunma sayı: 42
“ÇSKA ilə oyunda Bakıdakından daha yaxşı çıxış etməliyik”

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə keçiriləcək cavab oyunu ərəfəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, ilk oyunun heç-heçə başa çatması cavab qarşılaşmasının əhəmiyyətini daha da artırır və hər iki komanda növbəti mərhələyə yüksəlmək üçün meydana çıxacaq.

"İlk oyunun nəticəsi göstərir ki, hər iki komandanın şansı davam edir. Rəqibin açıqlamalarından da görünür ki, onlar kifayət qədər iddialı və motivasiyalıdırlar. Bu isə bizi daha məsuliyyətli olmağa sövq edir. Hesab edirəm ki, bərabər səviyyəli iki komanda qarşılaşacaq və hər iki tərəfin mərhələ keçmək imkanı var. Ümid edirəm ki, azarkeşlər baxımlı futbol izləyəcəklər. Biz də ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq"

Baş məşqçi mərhələ adlamaq üçün komandasının Bakıdakı ilk matçla müqayisədə daha keyfiyyətli futbol sərgiləməsinin vacibliyini qeyd edib.

"Xüsusi dəyişikliklərdən danışmaq istəmirəm. Amma mərhələ keçmək istəyiriksə, ilk oyundakından daha yaxşı çıxış etməliyik. Rəqib oyun ərzində taktiki dəyişikliklər və rotasiyalar etməyi bacaran komandadır. Buna görə də əsas üstünlüyümüz öz oyunumuzu inkişaf etdirmək və potensialımızı tam ortaya qoymaq olacaq"

Qurbanov həmçinin ÇSKA-nın avrokubok təcrübəsini yüksək qiymətləndirib.

"Həm bizim, həm də rəqibin beynəlxalq arenada kifayət qədər təcrübəsi var. Onların baş məşqçisi həm futbolçu, həm də məşqçi kimi özünü təsdiqləyib. Belə oyunlarda soyuqqanlı və intizamlı olmaq vacibdir. Dolu tribunalar və aqressiv azarkeş dəstəyi bizi qorxutmur, əksinə əlavə motivasiya verir", – deyə mütəxəssis bildirib.

Yay fasiləsində komandadan ayrılan futbolçular və yeni transferlərlə bağlı danışan Qurban Qurbanov itkilərin əvəzinin doldurulacağına inandığını söyləyib.

"Komandamız üçün çox önəmli iki futbolçu ayrıldı və onlara gələcək karyeralarında uğurlar arzulayıram. Ancaq keçmişə baxmaq doğru olmaz. Heyətimizdə perspektivli və keyfiyyətli yeni oyunçular var. Onlar fərqli oyun üslubuna malikdirlər, lakin komandaya fayda verəcəklərinə inanıram. Əsas məqsədimiz meydanda sona qədər mübarizə aparmaqdır", – deyə baş məşqçi vurğulayıb.

Bolqarıstan klublarına qarşı əvvəlki illərdə qazanılan böyükhesablı qələbələrin psixoloji üstünlük yaradıb-yaratmayacağı ilə bağlı suala cavab verən Qurbanov arxayınlığa əsas olmadığını bildirib.

"Keçmiş nəticələr bu gün heç nə ifadə etmir. İki il əvvəl yeddi qol vurmuşuqsa, bu o demək deyil ki, sabah da eyni nəticə təkrarlanacaq. Bakıdakı ilk görüş rəqibin gücünü göstərdi. Müasir futbolda səviyyələr bir-birinə çox yaxındır və istənilən komanda sürpriz edə bilər. Biz yalnız sabahkı oyuna köklənmişik və bu rəqibə qarşı zərrə qədər də səhlənkarlıq etmək olmaz", – deyə o əlavə edib.

Qeyd edək ki, ÇSKA (Sofiya) – "Qarabağ" oyunu iyulun 30-da Sofiyadakı "Vasil Levski" adına Milli Stadionda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Avroliqa