- Avroliqa
- 23:08 13.08.2026
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”su üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında komandasının layiqli mübarizə apardığını bildirib:
“Futbolçuları təbrik edirəm. Bəzi dəqiqələri çıxmaq şərtilə oyunun içində oldular. Məğlub olmaq istəmirdilər. Yaxşı hücumlar qurduq. Rəqibi topsuz qoymağa çalışırdıq. Hazırladığımız çox şey var idi və razı qaldım. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm dəstək verdilər. Uşaq vaxtı biz də “Dinamo”ya azarkeşlik etmişik. Belə komandaya qarşı oynamaq çox xoş idi. Onlara da uğurlar arzulayıram”.
Qurban Qurbanov qapıçı Mateuş Koxalskinin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Baş məşqçi bu məlumatların həqiqətə uyğun olmadığını deyib:
“Koxalskinin komandadan getməsi ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Sadəcə, bu matçda digər qapıçıya da şans verməyi düşündüm. Çıxışından razı qaldım”.
“Qarabağ”ın çalışdırıcısı pley-off mərhələsində komandanın şanslarını da dəyərləndirib:
“Şansımız var. İki oyun keçirəcəyik. Bu şanslardan maksimum yararlanmağa çalışacağıq. Çatışmazlıqlar var. Hər mövqeyə ən azı bir oyunçu əlavə olunmasına ehtiyacımız var”.
Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə əsasən Kiyev “Dinamo”sunu 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Ağdam təmsilçisi pley-offda Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.