- Avroliqa
- 00:05 14.08.2026
UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə uğrunda “Klaksvik” və “Lex” komandaları arasında keçirilməli olan cavab qarşılaşması bir gün təxirə salınıb.
90deqiqe.Az-ın məlumatına görə, buna səbəb Polşa klubunun Farer adalarına səfəri zamanı yaranan problemlər olub.
“Lex” çərşənbə günü Farer adalarına yollanmalı idi. Lakin təyinat hava limanı üzərində güclü duman olduğundan uçuş cümə axşamının səhərinə təxirə salınıb.
Polşa klubunun səfərlə bağlı çətinlikləri bununla da bitməyib. “Lex”in təyyarəsi havaya qalxdıqdan sonra hava şəraiti səbəbindən Farer adalarına eniş edə bilməyib. Nəticədə təyyarə Norveçin Bergen şəhərinə yönləndirilib.
Bir müddət sonra komanda Farer adalarına çatmağı bacarıb. Lakin “Lex”in qarşılaşmanın başlanmasına qədər cəmi bir neçə saatı qaldığından UEFA matçın təxirə salınmasına qərar verib.
“Klaksvik” – “Lex” oyunu avqustun 14-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
Qeyd edək ki, komandalar arasında ilk görüşdə “Lex” 1:0 hesabı ilə qalib gəlib.