16 sentyabr 2026. Çərşənbə

“Avropa Liqasını qazanmağı planlaşdırmaq mümkün deyil”


  • Avroliqa
  • 22:58 15.09.2026
  • Oxunma sayı: 12
“Avropa Liqasını qazanmağı planlaşdırmaq mümkün deyil”

“Selta”ya 1/8 final mərhələsində məğlub olaraq turnirdən kənarlaşdırılmasından altı ay sonra “Lion” yenidən UEFA Avropa Liqasında mübarizəyə başlayır.

90deqiqe.Az-ın məlumatına görə, Fransa klubunun baş məşqçisi Paulo Fonseka “Anderlext”lə oyunöncəsi mətbuat konfransında komandasının turnirdəki hədəflərindən danışıb.Mütəxəssis Avropa Liqasını qazanmaqla bağlı konkret planlarının olmadığını bildirib:

“Turnirdəki ambisiyalarımız barədə soruşanda artıq bir qədər daha realist və ehtiyatlıyam. Bu il Avropa Liqasında hansı klubların iştirak etdiyini nəzərə alsaq, turnirdə qələbə qazanmağı planlaşdırmaq çətindir. Bu, mümkün deyil. Nə istəyirik? Hər şeyi mümkün qədər yaxşı etmək”.

Fonsekadan “Lion”un “Mançester Yunayted” və “Selta” ilə uğursuzluqlarından sonra Avropa Liqasının mövsüm məqsədləri arasında hansı yeri tutduğu da soruşulub.

“Keçmişi çox tez unudan insanam. Amma “Mançester Yunayted”lə oyunda uzun müddət 10 nəfərlə mübarizə apardığımızı unutmuram. Ötən il “Selta” ilə ev oyununda isə Musa Niakate qırmızı vərəqə aldı. Düşünürəm ki, bu turnirdə 11 nəfərlə 11 nəfərə qarşı oynamaq vacibdir”, – deyə baş məşqçi gülümsəyərək əlavə edib.

“Avropa Liqasının mənim üçün mövqeyi necədir? Mən bu günlə yaşayıram və turnirdə uzağa gedəcəyimizə zəmanət verə bilmərəm. Yalnız qarşıdakı oyunlara fokuslanmışam”, – Fonseka vurğulayıb.

Qeyd edək ki, “Lion” – “Anderlext” qarşılaşması sentyabrın 16-da keçiriləcək.







Avroliqa