27 noyabr 2026. Cümə

“Beşiktaş” – “Hapoel Beer Şeva” matçında gərgin anlar - Polis azarkeşlərə güc tətbiq etdi


  • Avroliqa
  • 23:58 26.11.2026
  • Oxunma sayı: 31
“Beşiktaş” – “Hapoel Beer Şeva” matçında gərgin anlar  - Polis azarkeşlərə güc tətbiq etdi
Anadolu Ajansı

UEFA Avropa Liqasının V turu çərçivəsində Gürcüstanda keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında ciddi insident yaşanıb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçular arasında başlayan gərginlik tribunlara da sirayət edib. Gürcüstan polisi “Beşiktaş” azarkeşlərinə qarşı güc tətbiq edib.

Qarşılaşmadan əvvəl küçələrdə başlayan gərginlik oyun zamanı da davam edib. Matçın əvvəlində “Beşiktaş”ın futbolçuları komanda təqdimatı zamanı rəqib oyunçularla əl sıxmaqdan imtina ediblər.

Görüşün 21-ci dəqiqəsində Salih Özcan rəqib komandanın ehtiyat oyunçular skamyasına doğru gedən topu götürmək istəyərkən qarşı tərəfin müdaxiləsi ilə üzləşib. Bundan sonra futbolçular və məşqçi heyətləri arasında mübahisə yaranıb. Hadisədən sonra baş hakim Kroq həm Maledeyə, həm də Salih Özcanı sarı vərəqə ilə cəzalandırıb.

Bundan beş dəqiqə sonra isə tribunlarda qarşıdurma baş verib. Gürcüstan polisi “Beşiktaş” azarkeşlərinə qarşı güc tətbiq edib. Azarkeşlərdən biri xərəkdə meydanın kənarından xəstəxanaya aparılıb.

Polisin müdaxiləsi zamanı komandanın kapitanı Orkun Kökçü və digər futbolçular tribunlara yaxınlaşaraq azarkeşləri sakitləşdirməyə çalışıblar.

Təhlükəsizliyin təmin olunması üçün hakimlər briqadası və futbolçular meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar. “Beşiktaş”ın idman direktoru Öndər Özen də azarkeşlərin sakitləşməsi üçün stadionda elan verib.

Matçın dayandırıldığı müddətdə “Beşiktaş” azarkeşləri Fələstinə dəstək pankartları açıblar. Tribunlarda “Fələstinə azadlıq”, “İşğala üsyan, Fələstinə azadlıq” və “İsrailə ölüm” şüarları yer alıb.

Təxminən yarım saat davam edən fasilədən sonra tribunlarda sakitlik bərpa olunub və qarşılaşma qaldığı yerdən davam etdirilib.







Avroliqa