- Avroliqa
- 02:25 27.11.2026
“Beşiktaş” klubunun prezidenti Sərdal Adalı Gürcüstanın Batumi şəhərində “Hapoel Beer Şeva” ilə keçirilən matç zamanı baş verən insidentlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, klub rəhbəri Gürcüstan polisinin Türkiyə təmsilçisinin azarkeşlərinə qarşı həddindən artıq güc tətbiq etdiyini söyləyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, eləcə də hadisə ilə maraqlanan nazirlərə, Klublar Birliyinin prezidentinə və digər komandalara təşəkkür edib.
“İlk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm. O, bizə zəng edərək vəziyyətlə maraqlandı. Komandamız buraya çətinliklərlə gəlib çatdı, amma xoşbəxtlikdən hər şey yaxşı başa çatdı.
Səfər zamanı müəyyən narahatlıq yaşandı. Komanda Rizədən Batumiyə avtobusla gəldi.
Gürcüstan polisinin qeyri-mütənasib güc tətbiq etməsi təəssüf doğurur. İki azarkeşimiz xəsarət aldı. Onlara tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıblar. Ondan çox azarkeşimiz saxlanılıb. Onların azadlığa buraxılması üçün əlimizdən gələni edəcəyik. Arzu edərdik ki, bütün bunlar yaşanmasın.
Sabah Türkiyəyə qayıdacağıq. Bizi “Qalatasaray”la derbi gözləyir. Ümid edirəm ki, futbolçularımız bütün güclərini ortaya qoyaraq qələbə qazanacaqlar”, – deyə Adalının sözlərini klubun mətbuat xidməti yayıb.
Klub prezidenti onlara dəstək ifadə edən digər komandalara da təşəkkür edib. O, “Trabzonspor”a da qarşıdakı oyununda qələbə arzulayıb və bunun ölkədə əhval-ruhiyyəni yüksəldəcəyini, həmçinin UEFA reytinqi baxımından Türkiyə futboluna müsbət təsir göstərəcəyini bildirib.
Xatırladaq ki, “Beşiktaş” – “Hapoel Beer Şeva” qarşılaşması zamanı baş verən insidentlər səbəbindən oyun 35 dəqiqə dayandırılıb. Türkiyəli azarkeşlərdən birinin açdığı Fələstin bayrağının mühafizəçilər tərəfindən götürülməsinə cəhd göstərildikdən sonra digər tərəfdarlar ona dəstək veriblər. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edib.