- Avropa çempionatı
- 11:12 05.11.2024
"Azərbaycan millisinin üstünlüyü bu olacaq ki, rəqibi evdə qəbul edəcək. Serbiya Portuqaliya ilə ağır oyundan sonra Bakıya səfər edir. Yol da uzaqdır və bütün detalları nəzərə alsaq, onları çətin qarşılaşma gözləyir".
Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Uroş Matiç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, futbolda proqnoz vermək çətindir: "Avropa çempionu olan Portuqaliya Azərbaycan yığmasını çətinliklə məğlub etdi. Həmin oyuna baxdım və Azərbaycan millisi nizam-intizamlı oynadı. Komandanın müdafiə xəttindəki oyunu yaxşılaşıb. Portuqalların müdafiəni yarmaqda çətinlik çəkdiyinin şahidi olduq. Onlar qələbəni çətin qazandılar. Bu matça gəlincə, fikrimcə, favorit Serbiyadır.
Serbiyalı futbolçu Azərbaycan millisini zəif hesab etmədiyini sözlərinə əlavə edib: "Çünki komandada Avropa təcrübəsi olan futbolçular var. "Qarabağ"dakı komanda yoldaşlarımın ölkəmin millisinə qarşı çıxışını izləmək mənim üçün çox maraqlı olacaq. Bir sözlə, bizi maraqlı və gərgin mübarizə gözləyir".