- Avropa çempionatı
- 11:12 05.11.2024
Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AVRO-2020-nin daha əvvəl açıqlanmış tarixdən düz bir il sonra - 2021-ci il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olundu.
Corner.az xəbər verir ki, bundan əlavə, UEFA-nın qərarında qeyd olundu ki, pandemiya ilə əlaqədar AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və hansı prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.
Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AVRO-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVİD-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (Viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə).
Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub.
Azarkeşlərin AVRO-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlar ilə əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.