- Avropa çempionatı
- 11:12 05.11.2024
AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək təşkilatçı şəhərlərdən 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib.
Corner.az-ın məlumatına görə, bu barədə qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb.
Onların arasında A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı şəhəri də var.
Azərbaycan paytaxtı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) sözügedən məsələ barədə UEFA-nı məlumatlandırıb.
UEFA-nın açıqladığı məlumata əsasən, ən çox azarkeş Macarıstan paytaxtında olacaq. "Puşkaş Arena"ya ümumi azarkeş tutumunun (67 215) 100 faizi qədər tamaşaçı buraxılacağı açıqlanıb.
Bakı Olimpiya Stadionu və "Sankt-Peterburq Arena"da 50 faiz, Amsterdamdakı "Yohan Kroyf Arena", Kopenhagendəki "Parken" stadionu, Buxarestdəki Milli Stadion və Qlazqodakı "Hempden" stadionunda ümumi tutumun 25 - 33 faizi qədər azarkeş olacaq. İngiltərə isə Londondakı "Uembli" stadionunda oynanılacaq qrup mərhələsinin üç və 1/8 finalın bir oyununda minimum 25 faiz fanat iştirak edəcəyini bildirib. Təşkilatçı şəhər yarımfinal və final görüqşlərində azarkeş sayının artırılacağına ümid edir.
Münhen (Almaniya), Roma (İtaliya), Bilbao (İspaniya) və Dublin (İrlandiya) isə tamaşaçılarla bağlı planlarını aprelin 19-da təqdim edəcəklər. Bu şəhərlər barədə yekun qərar məhz həmin gün veriləcək