- Avropa çempionatı
- 11:12 05.11.2024
Futbol üzrə Türkiyə milli komandasının Avropa çempinatı üçün hazırlıq proqramı açıqlanıb.
Corner.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Şenol Güneş "Sabah" qəzetinə müsahibəsində bildirib.
69 yaşlı mütəxəssis mayın 18-19-da liqalarda çıxışlarını başa vuran oyunçularla toplaşacağını söyləyib: "Digər oyunçular 3-4 gün sonra qoşulacaq. Planlarımızı bir mövsüm əvvəl qurmuşuq. Pandemiyadan əvvəl hazırlıq prosesi, təşkilatçılıq və yoldaşlı matçlarını planlaşdırmışdıq. Mövsüm başa çatandan sonra futbolçuların tətil istəyi də olacaq. Sıx oyun qrafiki, pandemiyanın gətirdiyi çətinliklərlə baş tutan liqadan sonra istirahət etməyə ehtiyacları var. Bu, fiziki və zehni istirahət olacaq".
Təcrübəli baş məşqçi futbolçuların ailələrinin də toplanışa qatıla biləcəyini istisna etməyib: "Təbii ki, burada pandemiya şərtləri önəmli rol oynayacaq. Əsas hissə yoldaşlıq görüşləri ilə başlayacaq. Mayın 27-də və 30-da oyunlarımız var. İyunun 2-də Almaniyada toplanışa gedəcək, iyunun 10-da isə İtaliyaya yollanacağıq. Daha sonra Azərbaycana gedib, orada iki görüşə çıxacaq. Pandemiya səbəbindən bəzi şeylər və matçların yeri dəyişə bilər".
Şenol Güneş futbolçuların son matçlarda koronavirusa yoluxmasından narahatlıq hiss etdiyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Türkiyə millisi İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. Bakı Olimpiya Stadionu qrupun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.