- Avropa çempionatı
- 11:12 05.11.2024
"Nəticə qazana bilmədik, amma bu oyunlardan müsbət təəssüratlarım var. Bu səviyyədə və belə futbolçulara qarşı oynamaq bizim üçün əla təcrübədir. Portuqaliya və Serbiya ilə bərabər səviyyədə rəqabət aparmaq üçün nə qədər çox iş görməli olduğumuzu yəqin ki, başa düşürsünüz".
Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov Portuqaliya və Serbiyaya qarşı keçirdikləri DÇ-2022-nin seçmə oyunları barədə "Md-gazeta.ru" saytına müsahibəsində deyib.
30 yaşlı müdafiəçi Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo haqqında da danışıb: "Bu adam özünü futbola həsr edib. Ondan öyrənəcəyimiz çox şey var. Ronaldonun istəyi və əzmi aşağı reytinqli komandalara qarşı oyunlarda da özünü dərhal göstərir. Qol vurmağa çalışır və komandaya qələbə gətirir. Onsuz da bacardığı hər şeyi qazanıb, amma meydanda maksimum dərəcədə mübarizə aparır. Bizə qarşı oyunda nəsə yolunda getməyəndə çox əsəbi oldu. Başa düşdük ki, Ronaldoya bir az sərbəstlik versək, fürsətdən istifadə edəcək. Onunla mümkün qədər yaxın oynamağı bacardıq. Qapıçımız Şahruddin Məhəmmədəliyev möhtəşəm oyun göstərdi".
Hüseynov öz çıxışını qiymətləndirmək istəmədiyini sözlərinə əlavə edib: "Hər kəs Ronaldonun nə qədər üstün olduğunu başa düşür və ona qarşı oynamaq karyeramda böyük hadisə idi. Xoşbəxlikdən Ronaldo qol vurmadı. İnanıram ki, bu, bütün komandanın uğurudur".
Təcrübəli oyunçu Ronaldo ilə forma dəyişdirmək haqqında düşünmədiyini vurğulayıb: "Belə vərdişim yoxdur. Gəncliyimdə bir neçə dəfə etmişəm".
Müdafiəçi İrlandiya və Lüksemburq yığmaları ilə görüşlərdə qələbə şanslarının olduğunu deyib: "Şans həmişə var. Amma bu səviyyədə az səhv etməliyik. Buradakı rəqiblər səhvləri bağışlamır. Gənc komanda olduğumuz üçün formalaşma mərhələsindəyik və inanıram ki, doğru yoldayıq".
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzub