Avropa çempionatının 1/4 finalında Belçika ilə oyunda zədələnən İtaliya millisinin müdafiəçisi Leonardo Spinatsola əməliyyat olunub.
Corner.az xəbər verir ki, bu barədə onun çıxış etdiyi “Roma” klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun Finlandiyada uğurlu əməliyyat keçirdiyi diqqətə çatdırılıb. Spinatsolanın sağalma müddəti ilə bağlı qarşıdakı həftələrdə daha dəqiq məlumat veriləcəyi bildirilib.
İtalyan futbolçu özü də əməliyyatdan sonra çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşaraq bunları qeyd edib: “Əməliyyat mükəmməl keçdi. Mənə göstədiyiniz diqqət və qayğıya görə hər birinizə təşəkkürümü bildirirəm. Artıq gerisayım başladı. Tezliklə görüşmək ümidilə”.
Xatırladaq ki, Spinatsola Belçika ilə oyunun 80-ci dəqiqəsində zədələnərək meydanı xərəkdə və göz yaşları içində tərk etmişdi.