Qətərdə keçirilən dünya çempionatından sonra milli karyerasını başa vurduğunu açıqlayan Eden Hazard fikrini dəyişə bilər. Corner.az saytı xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.
Məlumatda, 31 yaşlı hücumçunun AVRO-2024-də də komandaya kömək etmək variantını nəzərdən keçirdiyi vurğulanıb. Belçika yığmasının sabiq baş məşqçisi Roberto Martines “Real”ın futbolçusunun yığmaya dönməyəcəyini bildirsə də, Hazard daha bir böyük turnirdə oynamağa müsbət yanaşır.
Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə birlikdə F qrupunda yer alıb. Bu komandalar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə üz-üzə gələcəklər.