AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək Avstriya yığmasında heyətlə bağlı problemlər bitmək bilmir. Corner.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Ralf Ranqnik daha bir futbolçunun xidmətindən məhrum qalıb.
Kapitan David Alaba və yarımmüdafiəçi Ksaver Şlagerdən sonra indi də “Frayburq”un müdafiəçisi Filipp Lienhart sıradan çıxıb. 27 yaşlı mərkəz müdafiəçisi Avropa Liqasının 1/8 final mərhələsində “Yuventus”a 0:1 hesabı ilə məğlub olduqları ilk oyunda bud nahiyəsindən zədələnib. Lienhartın bu üzdən millidən kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, bundan üç gün sonra isə Estoniya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Lins şəhərindəki “Raiffeisen Arena”da baş tutacaq.