İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla bu gün keçiriləcək oyunu buraxa bilər. Corner.az xəbər verir ki, buna səbəb 41 yaşlı futbolçuda əzələ gərginliyinin yaranmasıdı.
Üç gün əvvəl Belçikaya 0:3 hesabı ilə məğlub olduqları görüşün son 17 dəqiqəsini meydanda keçirən ulduz forvardın durumu klubu “Milan”ı da narahatlığa sövq edib. Belə ki, İtaliya təmsilçisi zədədən yeni qayıdan İbrahimoviçi növbəti dəfə itirmək istəmir.
Sonuncu dəfə məhz İsveç yığmasının heyətində ağır zədə alan İbranın millimizlə qarşılaşmada iştirakı onun uzun müddətə sıradan çıxmasına yol aça bilər. Bu üzdən “Milan” tərəfi həm İsveç Futbol Assosiasiyasına, həm də İbrahimoviçə müraciət edib. İtalyanlar ondan bugünkü matçda oynamamağı tələb edib.
Qeyd edək ki, Solnadakı “Friends Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.