- Avropa çempionatı
- 11:12 05.11.2024
"Heyətlə bağlı ciddi problem yoxdur. Yalnız Ben Vudbern özünü yaxşı hiss etmirdi. Oyun günü baxacağıq".
Bu sözləri Uels yığmasının baş məşqçisi Rayan Giqqz Azərbaycan millisi ilə Kardiff şəhərində keçirəcəkləri AVRO-2020-nin seçmə matçından əvvəl mətbuat konfransında deyib.
46 yaşlı mütəxəssis bildirib ki, komandası ev oyunlarında mütləq qalib gəlməlidir: "İki məğlubiyyətimiz olub. Ona görə də bu görüşdə qələbə bizim üçün çox önəmlidir. Ev matçlarında qalib gəlməliyik. İlk görüşümüz də evdə idi. Azarkeşlər bizə yaxşı dəstək verirlər".
Lakin Giqqz oyunun çətin alınacağını vurğulayıb. O, səbəb kimi Azərbaycan millisinin matçların hamısında qol vura bilməsini göstərib. Baş məşqçi təkcə Qaret Beylə deyil, bütün oyunçulara inandıqlarını vurğulayıb: "Beyl lider kimi kapitan olmağa layiqdir. Onun qol vurmasını çox istəyirik. Çünki bu zaman özünəinam hissi artır. Digər futbolçularımızın da öz potensiallarını göstərəcəklərinə inanırıq. Ben Devislə danışmışam, özünü çox yaxşı hiss edir. Həmçinin Nil Teylor da son görüşlərdə iştirak edib. Hər ikisi təcrübəlidir. Onlara güvənirik".
Giqqz Azərbaycan millisi ilə bağlı da təəssüratlarını bölüşüb: "Rəqibimizin çox istedadlı oyunçuları var. Xüsusən də Riçard Almeydanı qeyd edərdim. Rəqibin əks-hücumlarına hazırlaşmışıq. Çalışacağıq ki, buna imkan verməyək. Sağ və sol cinah müdafiəçiləri də çox sürətlidirlər. Biz Azərbaycanın Xorvatiya ilə oyununu əsas götürmüşük. Bundan əvvəl iki məğlubiyyətimiz olub. Bu oyun bizim üçün çox önəmlidir. Əvvəllər düşünürdülər ki, Xorvatiya və Uels favortidir. Lakin Macarıstan da müsbət nəticələr qazanır. Ağır qrupdayıq".
Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.(report)